Tramp Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyir

Tarix: 00:47 02.07.2025
ABŞ Prezidenti Donald Tramp Konqresin Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini qəbul etməsini dəstəkləyir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni sanksiyaların elan olunması əlbəttə ki, Moskvada ciddi şəkildə çətinliklər yaradacaq bir hadisədir:
"Çünki hazırda Rusiyanın bank sistemi ciddi şəkildə böhran keçirir. Bank sistemi başda olmaqla ümumilikdə iqtisadiyyat böhran vəziyyətindədir. Bir müddət əvvəl Rusiyada İqtisadi Şuranın iclası keçirilib və həmin şurada iştirak edən iqtisadiyyat komandasına daxil olan nazirlər və iri dövlət şirkətlərinin rəhbərləri, həmçinin Hesablama Palatası sədri və Mərkəzi Bankın rəhbərliyi arasında bir sözlü mübahisə yaşanıb. Mərkəzi Bankın sədrinin hesabat dərəcəsi ilə bağlı iri dövlət şirkətlərinin rəhbərləri, o cümlədən Qazprom və Rosneftin rəhbərləri ittiham edirdilər. Yəni, bu da Rusiyanın bank sistemində ciddi şəkildə təlatümlərin olduğunu və ciddi problemlərin olduğunun göstəricisidir. Təbii ki, bu müddət ərzində əgər Qərbin sanksiyaları yenidən yüksək rüsumlu, sanksiyalar tətbiq olunarsa, Rusiyanın bank sistemi ciddi şəkildə problemlərlə üzləşəcək. Amerika Birləşmiş Ştatlarının Rusiya ilə bərabər əsas hədəfə almaq istədiyi ölkələr bu ölkəyə iqtisadi sanksiyaları yarmaqda əsas köməklik göstərən Hindistan və Çindir. Hindistan və Çini də ABŞ bu yolla cəzalandırmaq istəyir. Ümumilikdə alternativ addımları da özündə gətirə bilər. Yəni, həmin ölkələrin özləri də Amerikaya qarşı müəyyən təzyiq metodlarından istifadə edə bilərlər. Xüsusilə, Çin bu isə dünya bazarında ümumi iqtisadi vəziyyətin gərginləşməsinə səbəb olacaq amildir. Növbəti sanksiya paketinin çox böyük üstünlüyü var, yəni böyük ölçüdə genişlənir və indi Trampın əsas məqsədi bu sanksiya paketinin effektivliyini daha da artırmaq üçün özünün yaxın müttəfiqi olan Avropa ölkələrini bu sanksiya paketi ətrafında cəmləməkdir. Yəni onlar da bu sanksiya paketinə uyaraq Rusiyaya qarşı eyni münasibəti göstərsinlər. Bununla bağlı yəqin ki, Avropa ölkələri ilə də diplomatik məsləhətləşmələr aparılacaq və bundan sonra yekun qərar qəbul edəcək. Əgər Trampın planı baş tutarsa, Rusiya iqtisadiyyatında ciddi şəkildə problemlər yaradacaq məsələdir".
Ayşən Səlimova