Lukaşenko Ermənistana "od" qoydu" -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:09 21.08.2024

Avqustun 19-da A.Lukaşenko Rusiya mətbuatına verdiyi müsahibədə Ermənistan hökumətini tənqid edib.

“Siz Ermənistanın siyasətini də görürsünüz. Bu necə siyasətdir?! Ermənilər bizdən başqa kimə lazımdır?!  Elə isə iqtisadiyyatlarını inkişaf etdirib öz resurslarına köklənsinlər. Sabah Makron da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq. Eynilə Amerika Birləşmiş Ştatları ilə olduğu kimi”, - Lukaşenko qeyd edib.
Lukaşenkonun bu açıqlamasından sonra Belarusiyanın Ermənistandakı səfirliyi qarşısında aksiya təşkil edilib. O, təkcə Ermənistana deyil, eləcə də Fransaya qarşı da tənqidi fikirlər səsləndirib.

Ermənistan, Rusiya və Fransa üçün hadisələrin hansı istiqamətdə irəliləyəcəyi ehtimal olunur?

Mövzunu politoloq Elşad Həsənov "İnformator.az"a şərh edib. Onun sözlərinə görə, Ermənistan onu kimin yaratdığını və necə yaradıldığını unudub:

"A.Lukaşenkonun verdiyi müsahibə Ermənistana necə deyərlər, "od" qoyub. Əslində o, doğruları deyib. Artıq Ermənilər də həqiqəti unudurlar. Onlar bilirlər ki, Ermənistanı dövlət kimi Rus Çarizmi yaradıb. Və Sovet dönəmində SSRİ Ermənistanı bəsləyib. Azərbaycan torpaqları hesabına Ermənistanı böyüdüblər. Bu gün Ermənistan 28,643 min kv kilometr əraziyə sahiblənib. Əslində isə o balaca- 9 min kv kilometr ərazisi olan bir vilayət idi. Onu da eyniliklə Çar Rusiyası yaradıb. Rus Çarizmi İranla müharibədə Azərbaycanı iki yerə böldü. Gülüstan sülh müqaviləsindən sonra onlar İranda, Türkiyədə olan ermənilərdən Azərbaycan ərazisinə- İrəvan quberniyasına köçürərək orada dövlət yaratdılar. İndi isə ermənilər bu həqiqətləri unudurlar. Doğurdan da Rusiya bu gün Ermənistandan əl çəksə o bir dövlət olaraq dağılacaq.
44 günlük müharibə zamanı da məhz V.Putinin xahişi ilə Azərbaycan Ermənistanla 3 tərəfli bəyənat imzaladı. Əslində bir azda müharibə davam etsə idi, igid əsgərlərimiz İrəvana gedib çatacaqdılar. Azərbaycanın əski torpaqlarını geri alacaqdılar. Ancaq Rusiyanın xahişi ilə biz dayandıq".

Ermənistanın havadarlarından söz açan ekspert Rusiya- Ukrayna müharibəsinə də diqqət çəkib:

"Bu gün Ermənistana "bacılıq" edən Makron hakimiyyəti süquta getmək üzrədir. Artıq Fransada Makrona qarşı impiçment prosesi başlayır. Fransa kimi böyük dövlətin də öz daxili məsələlərinə başı qarışacaq. Belə bir məsəl var ki, "uzaq qohumdansa, yaxın qonşu yaxşıdır". Ancaq ermənilər bu həqiqəti qəbul etməyərək onları dövlət kimi yaradan Rusiyanın arxasındam zərbə vurdular. Bu gün artıq iki ildir ki, onlar Rusiyadan qopmaq istəyirlər və bunun üçün də ciddi cəhdlə çalışırlar. Böyük bacıları Fransa ilə məsləhətləşirlər və Amerikaya sığınmaq istəyirlər.
Paşinyan hakimiyyətdə qalarsa Ermənistan- Rusiya münasibətləri daha da gərginləşəcək. Bu bizim xeyirimizədir. Fransa- Rusiya da demək olar ki, müharibə şəraitindədir. Çünki Fransa çox ciddi Ukraynaya dəstək göstərir və Ukraynanın qələbə çalmasından istifafə edir. Bu gün Rusiya- Ukrayna müharibəsinin nəticələrindən çox şey asılıdır. Əgər bu müharibədə Rusiya qələbə çalsa, Fransanın da vəziyyəti gərginləşəcək. Çox güman ki, Avropa ölkələrinidə Rusiya işğal etməyə cəhd edəcək. Çünki Rusiya onlara qarşı döyüşən Fransa, Almaniya, Polşa dövlətlərinə öz yerini göstərməlidir. Yox, əgər Ukrayna Rusiyanı məğlub etsə öz ərazilərindən çıxarıb Kırımı geri alsa, o zaman Rusiyada vəziyyət gərginləşə bilər. Və dövlət olaraq Rusiya süquta gedər. O zaman isə Fransa və onun arxasında duran digər ölkələr qələbə çalar. Bu məsələlər də qarşıda duran yaxın aylarda öz həllini tapacaq.  Ermənistan- Rusiya münasibətləri getdikcə daha da gərginləşəcək və son olaraq müharibə səviyyəsinə gəlib çata bilər".

Banuçiçək Kalbalıyeva