"Dahinin istəyi, qələmin qüdrəti" kitabının təqdimatı tələbə jurnalistin qələmində
Bölmə: Araşdırma › ,Tarix: 16:33 04.06.2015
Nurlan Səlim
BDU Jurnalistika fakültəsi, II kurs tələbəsi
İyunun 4-də Beynəlxalq Mətbuat Mərkəzində filologiya elmləri namizədi, dosent Qərənfil Dünyaminqızının “Dahinin istəyi, qələmin qüdrəti” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış media nümayəndələri iştirak edib.
Başlanğıc çıxışı edən Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Əflatun Amaşov Qərənfil xanımın özfəaliyyətindən, onun dissertasiyaları, elmi işləri və məqalələrindən söz açdı. Əksəriyyəti “Kaspi” qəzetində yayımlanan 45 məqalədən ibarət kitabın Azərbaycan mətbuatı tarixinə yeni bir baxış gətirdiyini deyən Ə.Amaşov Qərənfil Dünyaminqızına diplom təqdim etdi.
Tədbirdə iştirak edənlər arasında olan “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva Qərənfil xanımın təcrübəli jurnalist və araşdırmaçı olduğunu vurğulayaraq onun yazılarının arxiv materialları əsasında yazıldığını, faktlarla zəngin olduğunu çatdırdı.
Təqdimatda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da öz fikirlərini bildirdi. A.Məhərrəmov mətbuat tarixinin önəmi, yeri barədə söz açdı. Mətbuatın öyrənilməsində, onun keçmişi ilə bağlı materialların çatdırılmasında universitetin “Mətbuat tarixi və ideoloji iş metodları” kafedrasının böyük və əvəzsiz rolunu qeyd edən akademik Qərənfil xanımın publisistikası-məqalələri ilə də maraqlandığını diqqətə çatdırdı.
Söz alanlar içərisində jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli də oldu. Ş.Vəliyev bu işin, kitabın ərsəyə gətirilməsində, məqalələrə öz səhifələrində yer verdiyi üçün “Kaspi” qəzetinə və onun təmsilçisi Sona Vəliyevaya təşəkkürünü bildirdi.
Professor Alxan Bayramoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və bir sıra nümayəndələr də öz çıxışlarını etdilər.
Sonda sənətkarın özü-Qərənfil Dünyaminqızı çıxış edərək tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi. Q.Dünyaminqızı öz çıxışında bu uğuru kaspiçilərin uğuru kimi dəyərləndirdi və hər il belə bir kitabı təqdim edəcəyi barədə danışdı.