"Bəxt açmaq", yoxsa pul qazanmaq hiyləsi?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 21:56 04.09.2024

Son zamanlar sosial şəbəkələrdə, xüsusi ilə TikTok-da özlərini falçı, baxıcı kimi təqdim edən şəxslərin sayı artıb. "Bəxt açma" "cadu təmizlənməsi" kimi xidmətlər göstərdiyini deyən şəxslərə inananlar da az deyil. Bu insanlar taleyini bəxtini falçılara həvalə edirlər. Hətta bu yolla onlar xeyli miqdarda pul da qazanırlar.

Bəs, bu, islamda necə qarşılanır?

Bu barədə ilahiyyatçı Yaşar Qurbanov "informator.az"a açıqlamasında bildirib ki, bu, batıl yoldur. İslam dinində küfür sayılır:

"Falçılar özləri şeytana ibadət edən şarlatanlardır. "Cadu" əməlini təmizləmə adı ilə özləri insanlara bu əməli  edirlər ki, onlara hər zaman bağlı olsunlar, pullarını daima mənimsəsinlər. Əksinə, "taleyi, bəxti açma" deyilən bir şey yoxdur. İnsan Allaha sığınmalıdır, Allaha dua etməlidir. Mənə dəfələrlə bu mövzuda müraciət ediblər. İnsanlar deyir ki, "falçının yanına getdim, daha da pis oldum". Guya "cadu" əməlini təmizləyir. Onlar daha çox əməl edirlər ki, ona bağlı olsunlar. Onların yanına getmək düzgün deyil. Bu şeytanların pul qazanmaq üçün hiyləsidir. Dinimizdə haramdır. Peyğəmbərimiz Məhəmməd(s.a.v) deyir ki, kim bir falçının yanına gedərsə, onun dediyini təsdiqləyərsə, Qurani-Kərimə küfür etmiş, inkar etmiş olar. Yaranan bu vəziyyətin qarşısının alınması üçün maarifləndirmə olmalı, müvafiq cəzalar tədbiq olunmalıdır".

Zeynəb Mustafazadə