İsti havalarda hansı qidalardan uzaq durmaq lazımdır?

Tarix: 22:22 10.07.2025
İsti havalarda düzgün qidalanma orqanizmin sağlamlığını qorumaq və istiyə qarşı davamlılığını artırmaq üçün xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə düzgün seçim edilməyən qidalar sağlamlıq problemlərinə, həzm pozğunluqlarına və ümumi narahatlığa gətirib çıxara bilər.
Bu məsələ ilə bağlı dietoloq Məhəmməd Abdullayev "İnformator.az"a açıqlamasında bildirib ki, uyğun saxlanılma şəraiti olmayan, steril şəkildə hazırlanıb qablaşdırılmayan qidalarda “botulizm” kimi təhlükəli bakteriyalar aktivləşə bilər:
“Həm qış, həm də yay aylarında fərq etmədən bütün qidaların uyğun saxlanılma şəraiti təmin edilməlidir. Qidaların saxlanılmasında texnoloji ardıcıllıq qorunmalı, məhsul hazırlandıqdan sonra da uyğun temperatur rejimi – ya soyuqluqda, ya da lazımi istilikdə saxlanılmalıdır. Qidalar bakterial mühitdən qorunmalıdır. Bu qaydalara riayət edildikdə qida zəhərlənməsi və digər risklər minimuma endirilir.
Məsələn, hazırda küçə şəraitində, pəncərə qırağında satılan dönərləri misal göstərmək olar. Əgər dönər qidanın saxlanma texnologiyasına uyğun şəkildə hazırlanıb təqdim olunarsa, sağlamlıq üçün təhlükə yaratmaz. Lakin küçə şəraitində, nəzarətsiz temperaturda hazırlanan dönərlərdə təhlükələr artır. Çiy ət çöldən içə doğru mərhələli şəkildə bişir və bu zaman bakterial mühit aktivləşir. Eyni qayda tərəvəzlərə də aiddir. Əgər tərəvəzlərdən biri xarabdırsa, çarpaz bulaşma nəticəsində digər məhsullara da zərər verə bilər. Bu halda saxlama və istifadə riskləri artır.
Xüsusilə immun sistemi zəif olan insanların bədənində qida zəhərlənmələri daha tez və ağır formada özünü göstərir. Belə şəxslərdə orqanizmin müqaviməti zəif olduğu üçün zəhərlənmənin qarşısını almaq çətinləşir. Uyğun saxlanılma şəraiti olmayan, steril şəkildə hazırlanıb qablaşdırılmayan qidalarda “botulizm” kimi təhlükəli bakteriyalar aktivləşə bilər. Bu bakteriyalar qida vasitəsilə bədənə keçərək qana hopur və ciddi zəhərlənməyə səbəb olur. Belə hallarda vaxtında müdaxilə olunaraq toksikologiya şöbələrində tibbi yardım göstərilməzsə, nəticə ağırlaşaraq ölümə qədər gedib çata bilər".
Xədicə Məhərrəmli