Köçkünlər Qarabağa qayıdacaq

Bölmə: Sosial › ,
Tarix: 21:22 10.07.2025

Bu ilin köç planına uyğun olaraq Ağdərə və Xocalı rayonlarının 16 yaşayış məntəqəsində tikinti-bərpa işləri həyata keçirilib. Bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsində deyib.“Təxminən 6 minə yaxın məcburi köçkün könüllülük prinsipi əsasında öz doğma ata-baba yurdlarına köçürüləcək. Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planının tərtib edilməsi və bununla bağlı digər müvafiq işlər aparılır”, – deyə o qeyd edib.S. Qəhrəmanov onu da xatırladıb ki, Xocalı şəhəri və Ballıca kəndinə, Ağdərə rayonunun Suqovuşan, Həsənriz, Talış kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı artıq təmin edilib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, keçmiş məcburi köçkünlərin yurdlarına qayıdış planı uğurla həyata keçirilib:

 

“İnsanlar uzun illər həsrətində olduqları torpaqlara qovuşduqları üçün çox zaman onlar üçün qurulmuş infrastruktur və şəraiti bir o qədər də düşünmürlər. Lakin buna baxmayaraq, dövlətin məqsədi onlar üçün lazımi şəraitin yaradılmasıdır ki, normal yaşasınlar. Mənzillər tikilir, müəyyən qədər iş yerləri də açılıb. Əsasən quruculuq işləri ilə əlaqədar olaraq tikinti işləri daha çoxdur. Hətta başqa rayonlarımızdan da kifayət qədər vətəndaş Qarabağda çalışıb.Təbii ki, əhalinin yüksək səviyyədə yaşayışının təmin olunması üçün ümumi yollar çəkilib, lakin daha aktiv fəaliyyətin mümkün olması üçün kəndlərə də yollar çəkilməlidir. Bəzən hələ yerlərinə köçməmiş insanlar vəfat edən yaxınlarını aparıb öz yurdlarında dəfn edə bilməməkdən narazılıq ediblər.Düşünürəm ki, bu məsələnin tam həlli üçün müvafiq və sürətli addımlar atılmalıdır. Tutaq ki, Kəlbəcərin müəyyən bir kəndinin bərpası hələ bir neçə ilə başa gələ bilər. Ona görə başqa rayonda köçkün həyatı yaşayan həmin kəndin sakinlərinə heç olmasa vəfat edən yaxınını öz kəndində dəfn etmək üçün şərait yaradılmalıdır".

 

Politoloqun sözlərinə görə təbii ki, müəyyən təhlükəsizlik tədbirləri görülüb, lakin gizli minaların olması ehtimalı da meydana çıxa bilər, bu da şübhəsizdir:

 

"Ancaq vacibdir ki, bu məsələ də həllini tapsın.Yerlərinə köçürülmüş əhali üçün ilk olaraq ən vacib məsələ iş məsələsidir. Tutaq ki, hazırda digər rayonlarımızdan paytaxta axışan insanlar artıq Bakını böyük yük altında qoyub. Demək olar ki, ümumi əhalinin yarısı paytaxtda yaşayıb. Bunun əsas səbəbi işlə bağlıdır.Rayonlarda sosial durum və işsizlik problemini həll etmək daha çətindir. Ona görə Bakıya üz tutub müxtəlif sahələrdə çalışıblar. Buna görə də Qarabağda daimi iş yerləri açılmalıdır ki, həm yerli əhali işləsin, həm də başqa rayonlarımızdan insanlar Bakıya deyil, Qarabağa üz tutsunlar. Qarabağda mümkün qədər əhali sürətli şəkildə artmalıdır.Digər tərəfdən əhalinin heyvandarlıq, maldarlıq, əkinçilik və digər təsərrüfat növlərini inkişaf etdirməsinə münbit şərait yaradılmalıdır. Hazırda arıçılıq daha çox inkişaf edən sahədir.Yurdlarına köçən insanlara sosial yöndən dövlət müəyyən normalar əsasında dəstək göstərib. Ancaq insanlar müstəqil şəkildə öz işlərini, təsərrüfatlarını qurmalıdırlar. Bunun üçün də Qarabağa köçən, iş qurmaq və təsərrüfatını inkişaf etdirmək istəyən sakinlərə güzəştli və uzunmüddətli kreditlər verilməlidir.Əhaliyə psixoloji dəstək olaraq hesab edirəm ki, bütün lazımi işlər görülür və bu baxımdan heç bir problem yoxdur. Sadəcə, Qarabağ tam bərpa olunub ümumi həyat yoluna düşənə, əhalinin böyük əksəriyyəti yerləşənə qədər maddi və mənəvi dəstək verilməlidir.Davamlı şəkildə səfərlər, görüşlər, konsertlər təşkil edilməli, müxtəlif mədəni layihələr həyata keçirilməlidir ki, Bakıda və ya başqa rayonlarda qaynar həyata alışmış insanlar darıxmasın, sıxılmasın. Əsasən uşaqlar, məktəblilər üçün bu keçid dövrü narahatlıq yaratmasın.Əhalinin məşğulluğu üçün onlara əlavə iş yerləri açılmalıdır. Maldarlıq, qoyunçuluq, əkinçilik üçün imkanlar yaradılmalıdır. Başqa təsərrüfat sahələrinin inkişafı və iş adamlarının cəlbi vacibdir. Bunun üçün dövlətin gördüyü tədbirlərlə yanaşı imkanlı iş adamları və şirkətlər də dəstək göstərməlidirlər.Hesab edirəm ki, dövlət rəhbərinin birbaşa diqqətində və nəzarətində olduğu üçün Qarabağda görülən işlər sürətlə irəliləyir və qeyd olunan bütün məsələlər zamanla həllini tapacaqdır".

 

Aygün Babayeva