Yeniyetməlik dövründəki şagirdlərə necə yanaşılmalıdır?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 11:36 24.09.2024

Artıq 1 həftədir ki, məktəblər açılıb. Həmçinin 9, 10, 11-ci sinif sagirdləri həm yetkinlik dövrünə girdikləri, həm də imtahana hazırlaşdıqları üçün çətin dönəmə girirlər.
Əsasən bu yaş dövrlərində olan bəzi şagirdlər məktəbdə durmadan digər uşaqlarla dava edirlər.

Bəs bu halları necə tənzimləmək olar? Bu yaşda şagirdlərlə necə davranılmalıdır?


Mövzu ilə bağlı Psixoloq
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov "informator.az"a açıqlamasında bildirib ki, məktəblərin başlanması ilə şagirdlər arasında psixoloji və fiziki münasibətlərdə narahatlıq doğuran situasiyalar əsas problemə çevrilir:

"Əsasən də 9-11-ci sinif şagirdlərində belə aqressiv davranış tərzi və mənfi hallara daha çox rast gəlinir. Bu yaş dövrləri yeniyetməlik mərhələsinin ortası və sonu kimi qəbul edilir və məlum məsələdir ki, bu dövrdə uşaqlar həm fiziki, həm də psixoloji olaraq ciddi dəyişikliklər yaşayırlar. Hormonal dəyişikliklər yeniyetmələrdə emosional tarazlıqlara təsir göstərərək aqressiv davranışlara gətirib çıxaran ən başlıca səbəbdir. Yeniyetmələrin sürətli dəyişməsi, öz şəxsiyyətlərini və kimliklərini formalaşdırmağa çalışmaları, sosial status qazanmaq istəyi kimi faktorlar da aqressiyanı artırır. Bəzən, gənclər öz hisslərini tam ifadə edə bilmədikdə və ya anlaşılmadıqlarını düşündüklərində bu aqressiya daha çox artır.

Məlumdur ki, məktəb mühiti yeniyetmələr üçün sosial baxımdan olduqca vacibdir. Bu yaşlarda dost qrupları, sosial status, qarşılıqlı münasibətlər və müəyyən çevrə qurmaq yeniyetmələrin şəxsiyyətinin inkişafında önəmli rol oynayır. Elə bu səbəbdəndir ki, sözügedən mövzularda təzyiq hiss etdikdə, yeniyetmə özünü təsdiq etmək üçün davaya və zorakı davranışlara meyl göstərir. Həmçinin, məktəb mühitində bu yaşlarda sosial status uğrunda mübarizə və rəqabət əsasən də oğlanlar arasında daha çox rast gəlinir və bu hallar birbaşa yeniyetmənin psixoloji cəhətdən narahatlıq yaşamasına gətirib çıxarır. Beləliklə, hər bir yeniyetmə çevrəsində öz yerini tapmaq istəyir və onlar bunun üçün sərt üsullara əl atır yaxud hisslərini aqressiv davranışlar şəklində göstərirlər.

Aqressiv davranışlar uşağın dostları və ailəsi ilə münasibətlərində problemlər yaradır. Aqressiv uşaq dost çevrəsində qəbul olunmaya və ya ailə ilə münaqişələr yaşaya bilər ki, bu da onun tək qalmasına və özünü yalnız hiss etməsinə səbəb olur. Məktəb mühitində aqressiv davranışlar uşağın dərsə diqqət yetirməsinə mane olur, eləcə də akademik göstəricilərinə mənfi təsir göstərir. Müəllimlər və sinif yoldaşları ilə olan konfliktlər uşağın təhsilində ciddi problemlər yaradır. Habelə, davamlı stress və aqressiv davranış uşaqda fiziki sağlamlığa da mənfi təsir göstərir. Yeniyetmədə baş ağrıları, yuxu problemləri və ya immun sisteminin zəifləməsi kimi fiziki narahatlıqlar yaranır".

Psixoloq bu kimi halların səbəblərindən bəhs edib:

"Ailə, yeniyetmələrin davranışlarının formalaşmasında ən mühüm faktordur. Bu yaş qrupunda ailədən gələn dəyərlər və ailə münasibətləri onların psixoloji inkişafında əsaslı rol oynayır. Əgər ailə mühitində gərginlik, zorakılıq və ya anlaşılmazlıq varsa, bu hallar bilavasitə yeniyetmələrin aqressiv davranışlarını gücləndirəcəkdir. Bu dövrdə valideynlər yeniyetmələrin ehtiyaclarına diqqət yetirməli, onlara dəstək olmalı və güclü emosional əlaqə qurmalıdırlar. Valideyn bilməlidir ki, övladına dəstəkləyici və açıq bir mühit yaradaraq, onun hisslərini dinləmək, konfliktlərin qarşısını almağa kömək edir. Bir çox hallarda görürük ki, valideyn yeniyetmənin yanında yox, ona sərt qaydalar tətbiq edərək qarşısında durur. Bilmək lazımdır ki, yeniyetmələr bu dövrdə daha müstəqil olmağa çalışır və öz şəxsiyyətlərini formalaşdırmaq istəyirlər. Valideynin sərt qaydalarla onları idarə etməyə çalışması isə fərdin özünü anlaşılamaz və dəyərsiz hiss etməsinə səbəb olur, bu da təbii ki, aqressiv və üsyankar davranışlara gətirib çıxarır".

Müsahib bu yaş dönəmindəki şagirdlərlə ailədə və cəmiyyətdə necə yanaşılmalı olduğuna toxunub:

"Doğru yanaşma isə valideynin övladının yanında duraraq onu dəstəkləməsi və sağlam sərhədlər qurmasıdır. Bu emosional əlaqə sərtlikdən çox anlayış və empatiyaya əsaslanmalıdır. Valideynlər müəyyən qaydalar qoymalı, lakin bu qaydaların səbəblərini izah etməli, dialoq quraraq onların fikirlərini də dinləməli və yeniyetmənin şəxsiyyətinə hörmət etməlidir. Açıq ünsiyyət, qarşılıqlı anlaşma və əməkdaşlıq mühitində yeniyetmələr özlərini daha çox dəstəklənmiş və təhlükəsiz hiss edirlər. Valideynlərin məqsədi yemiyetmələri sərt qaydalarla məhdudlaşdırmaq deyil, onlara düzgün qərarlar verməyi öyrətmək olmalıdır. Valideyn övladını dinləyir, dəstəkləyir və səhv etdikdə belə onu anlamağa çalışırsa bu davranış yeniyetmədə məsuliyyətin və yetkin davranışların əsasını yaradır.

Həmçinin, ətraf mühitin rolu da yeniyetmələrin davranışlarında böyük təsirə malikdir. Dost çevrəsi, sosial media və ya məktəb mühiti yeniyetmələrin davranışlarına birbaşa təsir göstərir. Bu gün nə qədər texnologiya dövründə yaşasaq da, qaçınılmazdır ki, sosial mediada baş verən zorakılıqlar, habelə videolar, məlumatlar və ya neqativ davranış modelləri yeniyetmələrə mənfi psixoloji təsir göstərən ən böyük amillərdəndir. Bundan əlavə, məktəbdə müəllimlərin yanaşması, məktəb qaydaları yeniyetmələrin emosional və sosial vəziyyətinə təsir edir. Dəstək verən bir məktəb mühiti, aqressiyanı azaltmağa və gəncləri daha müsbət davranışlara yönəltməyə kömək edir. Müəllimlərin məktəb mühitində səmimi və dəstək verən bir atmosfer yaratması uşaqlar arasındakı gərginliyi azaldaraq onlarda məktəbə və sinif yoldaşlarına qarşı aqressiyanı azaldır. Həmçinin konfliktləri düzgün idarə etmək üçün məktəblərdə psixoloqlarla sıx əməkdaşlıq etmək mütləqdir. Bunun üçün məktəb müəllimlərinin kifayət qədər pedaqoji təhsil və təcrübələrinin olması və məktəb psixoloqlarının uşaqlarla daimi monitorinq keçirməsi, yeniyetmələrlə təlimlər aparılması olduqca vacib nüansdır".


Psixoloqun sözlərinə görə, belə davranışlarının qarşısını almaq üçün, ilk növbədə valideynlər və müəllimlər yeniyetmələrin yaş dövrlərinə uyğun bir yanaşma göstərməlidirlər:

"Bu mərhələdə onların daha çox müstəqillik və fərdi məkan ehtiyacı olduğunu qəbul etmək vacibdir. Yeniyetməyə real və əsaslı sərhədlər qoyulmalı, lakin sərbəstliyi əlindən alınmamalıdır. Aqressiyanın azaldılması üçün yeniyetmələrə stressi və emosiyalarını idarəetmə bacarıqları, münaqişələrin dinc yolla həlli yolları öyrədilməlidir. Bu bacarıqlar həm evdə, həm də məktəbdə tətbiq olunmalıdır.

Yeniyetmələr öz hisslərini düzgün başa düşməli və valideynlər bu mövzuda onlara dəstək verməlidilər. Buna uyğun olaraq idman, yaradıcı fəaliyyətlər və ya relaksasiya texnikaları stress və aqressiyanı azaltmağa kömək edir. Öz hisslərini danışmaq və problemlərini etibar etdiyi şəxslərlə bölüşmək də uşağın emosional yükünün azaldılmasında mühüm rol oynayır.

Son olaraq valideynlər bilməlidirlər ki, yeniyetmələrdə müşahidə edilən aqressiv davranışların və psixoloji narahatlıqların qarşısı vaxtında alınmadıqda, bu davranışlar zamanla daha da güclənərək müxtəlif psixoloji problemlərə və davranış pozuntularına yol açacaq. Yadda saxlamaq lazımdır ki, nəzarət edilməyən aqressivlik uşağın həm şəxsi, həm də sosial həyatına təsir göstərir. Bunlardan ilki yeniyetmədə şəxsi inkişaf problemlərinin baş qaldırmasıdır ki, uşaq aqressiv davranışını idarə etməyi öyrənmədikdə, öz emosiyalarını düzgün tənzimləyə bilmir. Bu da gələcəkdə narahatlıq, depressiya və ya başqa psixoloji problemlərə yol açır. Həmçinin əgər aqressiv davranışlar erkən yaşlarda idarə edilmirsə, uşaqda yeniyetməlik və yetkinlik dövrlərində zorakılığa və ya antisosial davranışlara meyllilik yaranır. Bunun qarşısını almaq üçün uşağın aqressiv davranışlarına diqqət yetirmək, vaxtında müdaxilə etmək vacibdir. Nəhayət, valideyn üçün uşaqla açıq ünsiyyət qurmaq, ona empatiya və dəstək göstərmək, ehtiyac olduqda mütəxəssis psixoloqdan yardım almaq ən əsas prinsip olmalıdır".

Elnurə Kərimova