İşçi hüquqlarının pozulması qanunla necə tənzimlənir?-RƏY
Bölmə: Sosial › ,Tarix: 21:55 25.09.2024
"Ötən illərlə müqayisədə Azərbaycanda əmək mübahisələri məhkəmələrində ciddi azalmalar olduğuna baxmayaraq, hələ də işçilərin hüquqları bir çox hallarda kobud şəkildə pozulur".
Bu sözləri "informator.az"a açıqlamasında Hüquqşünas Ramil Süleymanov söyləyib.
Hüquqşünas əmək mübahisələrinin ən çox rast gəlinən səbəblərindən də bəhs edib:
"Bura əsasən işçilərin iş saatlarından artıq işlədilməsi, artıq iş saatlarının ödənilməməsi, o cümlədən iş vaxtından sonrakı vaxtlarda işçilərin işlədilməsi, yəni işçinin iş yerində deyil, hətta öz evində olduqda belə ona əmək funksiyalarının icra etdirilməsi və ən böyük qlobal problem olan əmək haqqlarının gecikdirilməsi daxildir. Bu sadalananlardan hər hansı bir problem və pozuntular olduğu halda işçilərin tam ixtiyarı var ki, işə götürənə müraciət etsinlər və ona Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçi üçün yaradılmalı olan əmək şəraiti o cümlədən işçinin faydalı olması üçün tələb olunan şəraitin yaradılmasını işə götürəndən tələb edə bilərlər".
Ramil Süleymanovun sözlərinə görə, işçi pozulmuş əmək hüquqları ilə bağlı 2 formada şikayət edə bilər:
" 1-ci formaya əsasən işçi məhkəməyə birbaşa müraciət edir və ya ilk olaraq pozulmuş hüquqlarnan bağlı dövlət əmək müfəttişliyinə müraciət edir. Bunun üçün mütləq şəkildə pozuntunu konkret bildirən faktları təqdim etməlidir. Ölkə başçısının sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması haqqında fərmanıda vardır və həmin fərmana əsasən Dövlət Əmək Müffətişliyi yerində şikayətlərlə bağlı iş apara bilmirlər. Buda sahibkarların, işəgötürənlərin əl-qolunun açılmasına xidmət edir. Əgər Dövlət Əmək Müffətişləri yerində sənədlərı baxsalar, o zaman daha ciddi problemlər sübuta yetirilmiş olacaqdır. Gecikən əmək haqqları ilə bağlı Azərbaycan Respubliksanın Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən işçi almalı olduğu əmək haqqının gecikməsindən dolayı ona ödənilməli olan əmək haqqının azı 1%-i miqdarında hər gecikən üçün işəgötürəndən tələb etmə hüququna malikdir".
Fatimə Abdulrəhimli