Ənənəyə çevrilən iməcilik Laçını daha da gözəlləşdirir

Bölmə: Sosial › ,
Tarix: 12:44 30.09.2024

Laçın şəhərində bazar günü sakinlərin təşəbbüsü ilə təşkil edilən iməcilik artıq ənənəyə çevrilib.

“Bakı Abadlıq Xidməti” və “Laçın Abadlıq Xidməti” əməkdaşlarının da istirahət günü iştirak etdiyi aksiyaya sakinlər də doğma şəhərin abadlaşması, təmizliyi və yaşıllaşdırılması naminə qoşulublar.

Laçın şəhər sakini İradə Polad bildirib ki, iməcilikdə demək olar bütün sayılıb-seçilən laçınlılar, yaşlı nəslin nümayəndələri, müəllimlər, həkimlər, polis işçiləri iştirak ediblər. Səhər tezdən Bayraq Meydanına toplananların iştirakı ilə şəhərin mərkəzi küçəsi kimi layihələndirilən Heydər Əliyev küçəsindən Nəriman Nərimanov küçəsinədək geniş ərazidə təmizlik işləri görülüb. “Laçının hər döngəsi, hər ağacı, yarpağı bizə əzizidir” deyən sakinlərin şəhərin hər guşəsində unudulmaz xatirələri var. Bu xatirələrin qorunması, yaşadılması üçün iməcilik insanları doğmalaşdıran adətə çevrilib. Uzun illər torpaq həsrəti çəkən laçınlılar indi bir olublar, ürəkləri bir, sözləri bir, arzuları birdir. Belə iməciliklər həm də nəsillər arasında sağlam rabitə qurmağa, Laçını hələ indi görən gənclərdə doğma yurda sevgi aşılamağa imkan verib.