Qərbi azərbaycanlıların taleyi: Bu gün ermənilərin qayıdışını tələb edənlər... -ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 09:39 02.10.2024
"Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtması ilahi və tarixi ədalət olardı. Amma bunun üşün mühit və zamanın uyğun olması lazımdır".
Bu sözləri "informator.az"a müsahibəsində politoloq Natiq Miri 3-cü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlıların qayıtmasını şərh edərkən söyləyib.
Politoloqun sözlərinə görə, Qərbi azərbaycanlıların qayıtma məsələsi Azərbaycana çox vacibdir:
"Azərbaycan-Ermənistan arasında müharibə bitəndən sonra hələ dövlətlərarası sülh müqaviləsi imzalanmayıb. Qərbi azərbaycanlılar öz torpaqlarını unutmamalıdır və bu mövzunun gündəmdə olması Azərbaycan tərəfinin danışıqlarda mövqeyini gücləndirir. Müxalif erməni qüvvələri də var ki, Qarabağdan öz xoşu ilə getmiş erməniləri geri qaytarmaq istəyirlər. Bu sadəcə beynəlxalq çərçivədə ermənilərin qayıtması məsələsi deyil, onlar həm də status məsələsini tələb edirlər. Bu gün onlar ABŞ konqresində və digər beynəlxalq təşkilatlarda bu məsələni yenidən dirçəltmək istəyirlər. Ona görə də bu probləmə qarşı qoyula biləcək ən güclü məsələ qərbi azərbaycanlı məsələsidir".
Natiq Miri vurğulayıb ki, bu gün ermənilərin qayıdışını tələb edənlər, 300 minə yaxın qərbi azərbaycanlının da qayıdışını tələb etməlidir:
"Bu Azərbaycanın istifadə edəcəyi ən güclü silahlardan biridir.
Qonşu dövlətlərin buna necə reaksiya verəcəyinə gəldikdə isə buna uyğun mühit yaratmalıdırlar. Əgər onlar buna görə nəsə etməsələr gələcəkdə Zəngəzur dəhlizi açıldıqdada qarışa bilməzlər. Çünki bu, Azərbaycanla Ermənsitanın məsələsidir. Əgər Ermənistan qəbul edərsə, qərbi azərbaycanlıların qayıdışına şərait yaradarsa, kimin nə deməsi o qədər də böyük əhəmiyyət daşımaz. Lakin öncə sülh müqaviləsi, sonra da diplomatik münasibətlərin yaradılması lazımdır.
Qayıdış üçün isə heç bir tədbir görülmür. Nikol Paşinyan da etiraf edir ki, bunun üçün hələ ki mühit yoxdur. Öncə xalqlar barışmalıdır. Bu isə zaman alacaq. Azərbaycan isə daim Qərbi azərbaycanlıları təşkilatlandırmalı, onları daim əlaqədə saxlamalıdır".
Fidan Fərhadlı