Azərbaycanda qadın futbolunun inkişafında mövcud PROBLEMLƏR...-Mütəxəssis AÇIQLAYIR
Bölmə: İdman › ,Tarix: 20:39 18.10.2024
"Ailələrin qızlarını futbola yönləndirməkdən çəkinməsi və ümumiyyətlə cəmiyyətin futbolu bir qadın idmanı kimi görməməsi bu sahədəki ən böyük maneələrdir".
Bu sözləri "informator.az"a açıqlamasında futbol eksperti Aslan Kərimov söyləyib.
Ekspert qadın futbolunun Azərbaycanda inkişafı üçün atılan addımlardan da bəhs edib:
"Qadın futbolundan danışdıqda, ilk növbədə Avropada son 5 ildə bu sahənin inkişafına yönəlmiş böyük investisiyalardan və populyarlaşdırma səylərindən bəhs etmək lazımdır. Avropada qadın futboluna daha çox diqqət yetirilir, bu idmanın geniş kütlələr arasında yayılması üçün federasiyalar, klub rəhbərləri və futbol assosiasiyaları əhəmiyyətli işlər görürlər. UEFA və FİFA qadın futbolunun inkişafına xüsusi önəm verir, hər bir ölkənin federasiyasına bu sahəni dəstəkləmək üçün maliyyə vəsaitləri ayırırlar. Məqsəd, qadınların da futbol kimi idman növündə kütləvi şəkildə iştirak etməsini təmin etməkdir. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Burada qadın futbolu üzrə məşqçilər təlimlərdə iştirak edərkən heç bir maliyyə ödənilmir. Bu isə federasiya hesabına olur. Eyni zamanda, Azərbaycanda qadın futbolunun inkişafı üçün xarici mütəxəssislər dəvət edilir, bu sahədə çalışan qadın məşqçilərə dəstək verilir və onlara yeni təcrübə qazanmaq imkanı yaradılır. Bütün bu fəaliyyətlər maarifləndirmə işləri çərçivəsində həyata keçirilir və qadın futbolunun inkişafına dəstək olaraq qiymətləndirilir. Bununla yanaşı, Azərbaycanda qadın futbolunu dəstəkləmək üçün Qrassruts departamenti fəaliyyət göstərir. Bu departamentin rəhbəri Fərrux İsmayılovdur və onların təşkilatçılığı ilə Bakıda, regionlarda, rayonlarda futbolla bağlı müxtəlif festivallar keçirilir. Bu festivallar vasitəsilə qız və oğlan uşaqları birlikdə futbol oynamağa təşviq edilir və bu da qadın futbolunun inkişafına kiçik də olsa bir dəstək olur. Əlavə olaraq, uşaq evlərində qalan uşaqlar üçün də futbolun təbliği istiqamətində sosial layihələr həyata keçirilir. Həmçinin, Futbol Federasiyası qadın futbolunun inkişafı üçün müxtəlif sosial çarxlar və videolar hazırlayır. Bu videolarda milli komanda üzvləri öz həyat hekayələrini paylaşır, futbol karyeralarının başlanğıcını və necə inkişaf etdiklərini izah edirlər. Məqsəd, qız uşaqlarında futbol oynamağa həvəs oyatmaq və onlara özlərini bu sahədə görməyə təşviq etməkdir. Lakin bütün bu addımlara baxmayaraq, Azərbaycanda qadın futbolunun inkişafında bir sıra çətinliklər mövcuddur".
Aslan Kərimovun sözlərinə görə, mədəniyyət və cəmiyyətin ümumi dəyərləri bu sahənin qarşısında ən böyük maneədir:
"Azərbaycan, zəngin mədəniyyətə malik olsa da, coğrafi olaraq Avropanın mərkəzində yerləşmir və bu, qadın futboluna olan marağın Avropa ölkələrinə nisbətən daha az olmasına səbəb olur. Məsələn, Avropada hər 100 ailədən 30-u qızlarını futbol oynamağa təşviq edirsə, Azərbaycanda bu rəqəm çox aşağıdır – bəlkə də hər 100 ailədən 5-i qızlarını futbola yönləndirir. Bu fərq, qadın futbolunun Azərbaycanda kütləviliyinə və populyarlığına birbaşa təsir edir. Futbolun inkişafı üçün ən əsas şərtlərdən biri, uşaqların kiçik yaşlardan futbol oynamağa başlamasıdır. Bu, xüsusilə küçə futbolu üçün keçərlidir. Futbolçu olmaq istəyən uşaqlar adətən 5-6 yaşlarından küçədə futbol oynamağa başlayırlar, bu təcrübə onların futbola maraqlarını artırır və gələcəkdə peşəkar futbolçu olmalarına yardım edir. Azərbaycanda isə küçədə futbol oynayan qız uşaqlarına nadir hallarda rast gəlinir və bu da qadın futbolunun inkişafını çətinləşdirir".
Ekspert bildirib ki, ailələrin qızlarını futbola yönləndirməkdə çəkinməsi və ümumiyyətlə cəmiyyətin futbolu bir qadın idmanı kimi görməməsi bu sahədəki ən böyük maneələrdir:
"Premyer Liqada çıxış edən futbolçuların çoxu uşaq vaxtlarında küçədə futbol oynayaraq bu səviyyəyə gəliblər, lakin bu təcrübə qız uşaqları üçün daha məhduddur. Qız uşaqlarının futbola marağını artırmaq üçün ən yaxşı yollarından biri, məktəblərdə futbolun daha çox təbliğ olunmasıdır. Məktəblərdə futbola daha çox yer vermək, idman dərslərində bu oyuna diqqət yetirmək və futbol yarışları təşkil etmək qadın futbolunun inkişafı üçün vacib addımlardan biridir. 7-10 yaşlarında olan uşaqların fiziki gücü oxşardır və bu yaşda idman dərslərində futbol oynamaq, qız uşaqlarının futbola marağını artıra bilər.
Regionlarda yaşayan ailələr üçün isə futbolla bağlı fəaliyyətlərə qoşulmaq daha realdır. Bölgələrdə və rayonlarda yaşayan uşaqların məktəb şəraitində futbolla məşğul olması daha əlçatan bir variantdır, nəinki onları xüsusi futbol məktəblərinə göndərmək. Buna görə də, qadın futbolunun inkişafı üçün regionlarda idman dərslərində futbolun təbliğinə daha çox diqqət yetirmək lazımdır".
Fatimə Abdulrəhimli