Azərbaycana ət idxalı kəskin artıb-səbəb nədir?

Bölmə: Sosial › ,
Tarix: 20:56 29.10.2024

 Bu ilin doqquz ayından ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,9% çox ət idxal edilib.Amma qiymətlər hələ də artmaqda davam edir.

Bəs ölkəmizə ətin bu qədər çox idxal olunmasına baxmayaraq qiymət artımına səbəb nədir?

Məsələ ilə bağlı "informator.az"a danışan iqtisadçı Xalid Kərimli bildirib:

 

"Ölkədə ətin qiymətlərinin son dövrlər artmasının bir neçə səbəbi var.Səbəblərin sırasında ölkədə saxlanılan həm iri həm xırdabuynuzlu heyvanların sayının azalmasını, heyvanların bəslənməsi ilə əlaqədar xərclərin artmasını misal göstərmək olar.Digər tərəfdən isə ölkədə əhalinin sayı və alıcılıq qabiliyyəti artır.Xərclərin artması da qiymətlərin yüksəlməsinə gətirib çıxarır.2022-ci il ilə müqayisədə xırdabuynuzlu heyvanların sayının idxalında ciddi şəkildə artım müşahidə olunur.Amma bütün bunlara baxmayaraq qiymət artımı hələ də davam edir.Birmənalı olaraq bildirmək lazımdır ki, əgər idxal olmasa idi qiymətlər yüksək şəkildə artardı".

 

 İqtisadçının sözlərinə görə,idxal olunan məhsullar qiymətin daha sürətli artmasının qarşısını alır:

 

"İdxalçılar görürlər ki, ölkədə ət məhsullarına təlabat çoxdur, daha baha satmaq mümkündür, ona görə də idxalın həcmini artırırlar.İdxal o zaman qiymətləri aşağı sala bilər ki, idxal olunmuş məhsulların qiyməti daha ucuz olsun, eyni zamanda daha böyük həcmli ət məhsullarını idxal etmək mümkün olsun. Xüsusən Ukraniya müharibəsindən sonra Azərbaycana qırmızı ət, quşçuluq məhsullarının Ukraniyadan idxalı yarandı və bu da ət məhsullarının qiymətinin artmasına da təsir göstərdi.Qonşu ölkələr:Rusiya,Gürcüstan da ətin qiymətinin bahalaşması idxal qiymətlərinin artmasına səbəb oldu.Yəni biz fikirləşməyək ki, idxal çoxdur qiymətlər niyə düşmür.Biz onu düşünməliyik ki, əgər idxal olmasa idi, qiymətlər indiki səviyyədən 20-30% daha baha olacaqdı.İdxala rəğmən qiymətlərin artımının tədricən davam etməsi,bazarın hələ də təlabatının formalaşması fonundadır.Amma nə qədər ki ,ölkədə saxlanılan heyvanların sayında və ətin həcmində əhəmiyyətli artım olmayacaq,əhalinin təlabatının artması fonunda qiymətlərin artması davam edəcək".

 

Mehriban Nəsibova