Yaşlıların psixoloji rifahının təmin edilməsi: "Tənhalıqla mübarizə və dəstək yolları.."-RƏY
Bölmə: Sosial › ,Tarix: 22:16 30.10.2024
"Yaşlı insanların psixoloji rifahını qorumaq və yalnızlıq hissini azaltmaq üçün həm fərdi, həm də cəmiyyət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilməlidir. Ailə üzvlərinin müntəzəm olaraq yaşlılara vaxt ayırması, onlara mənəvi dəstək verməsi, dövlətin isə kollektiv görüşlər və tədbirlər təşkil edərək yaşlıların bir-birilə ünsiyyətini təşviq etməsi vacibdir".
Bu sözləri "informator.az"a açıqlamasında Psixoloq Nizami Orucov söyləyib. Psixoloq yaşlı insanların psixoloji rifahını qorumaq üçün atılmalı addımlardan da bəhs edib:
"Yaşlı insanların psixoloji rifahını qorumaq, yalnızlıq və tənhalıq hissini azaltmaq üçün kompleks yanaşmalar tələb olunur. Bu prosesdə onların keçmiş həyat təcrübələri, sağlamlıq vəziyyəti, sosial əlaqələri və psixoloji dəyərləri nəzərə alınmalıdır. Yaşlılıq dövrü, hər bir insan üçün fərqli təcrübələr və həyat şəraiti ilə əlaqədar olaraq, çox həssas bir mərhələdir. Bəzi yaşlı insanlar aktiv sosial həyatlarını davam etdirə bilirlər, digərləri isə evdə yalnız yaşayaraq ya da övladları, nəvələri ilə bir araya gələrək vaxt keçirirlər. Yaşlılıq məsələsi, yaşdan daha çox, yaşanan həyat keyfiyyəti ilə əlaqəlidir. Bu, yaşlıları dinləmək, onlarla səbrlə ünsiyyət qurmaq və mövcud psixoloji hallarında problem, boşluqlar varsa, bunun yaş böhranı ilə bağlı olduğunu başa düşmək, hətta bəzi vəziyyətlərinin psixosomatik durum olduğunu nəzərə almaq vacibdir. Yaşlı insanların rifahını təmin etmək üçün əsas amillərdən biri onların emosional dəstəklə təmin edilməsidir. Yəni rifah deyəndə maddi məsələlər nəzərdə tutulmur. Empatiya, yaşlıların duyğusal durumlarını anlamaq və onlara dəstək olmaq üçün əsas bir vasitədir. Yalnızlıq və tənhalıq hissi, yaşlıların ən çox rastlaşdıqları psixoloji problemlərdən biridir. Onlar üçün sosial əlaqələr, ailə mühiti və dəstək vacibdir. Yalnızlıq hissini artıran amillərdən biri yaşın artması ilə birlikdə ölüm qorxusunun meydana gəlməsidir. Bu səbəbdən yaşlı insanlara yaxınlaşarkən, ünsiyyət qurarkən bir çox nüansları nəzərə almaq vacib amillərdən biridir".
Nizami Orucovun sözlərinə görə, dövlət səviyyəsində yaşlılar üçün kollektiv tədbirlərin təşkili, onlara psixoloji dəstək təmin etmək üçün müsbət bir addım ola bilər:
"Yaşlıların müntəzəm olaraq ziyarət edilməsi, onlara həyatlarının gözəl xatirələrini bölüşmək imkanı verilməsi mühüm əhəmiyyət daşıyır. Belə yanaşmalar, onların həyat keyfiyyətini artırmağa, yalnızlıq hissini azaltmağa və ümumilikdə psixoloji rifahlarını yaxşılaşdırmağa kömək edir. Dövlət səviyyəsində yaşlı insanların psixoloji rifahını təmin etmək üçün, kollektiv görüşlər və tədbirlər təşkil edilə bilər. Bu cür tədbirlər sayəsində yaşlı insanlar öz həmyaşıdları ilə mühitdə olmaqla, psixoloji dəstək alaraq özlərini daha yaxşı hiss edə bilərlər".
Fatimə Abdulrəhimli