COP29 və COP17 tədbirlərinin Azərbaycan-Ermənistan münasibətinə təsiri

Bölmə: Siyasət › ,
Tarix: 20:58 05.11.2024

Ermənistanın ətraf mühit naziri Akop Simidyan yazıb ki, 2026-cı ildə Ermənistanda Biomüxtəliflik üzrə Tərəflər Konfransı – COP17 keçiriləcək.

 

COP17 BMT-nin Bioloji Müxtəliflik Konvensiyası çərçivəsində keçirilən sammitdir. Sammitdə dünyanın hər yerindən hökumətlər meşələr, okeanlar və nəsli kəsilməkdə olan heyvan növləri də daxil olmaqla təbiəti necə qorumağı planlaşdırdıqlarını müzakirə etmək üçün bir araya gəlirlər.

 

Bəs Azərbaycan Ermənistanda keçiriləcək COP17 tədbirinə qatılacaqmı?

 

 

Bu barədə politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki , Ermənistan Azərbaycanda keçiriləcək COP29 tədbirinə qatılarsa, rəsmi Bakıda İrəvandakı COP17 tədbirində iştirak edə bilər:

 

" Ermənistan Bakıya kimi göndərəcəksə, Azərbaycan da İrəvana eyni statusda rəsmi şəxs göndərə bilər. Məsələn, COP29 çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Bakıya, COP17 çərçivəsində isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İrəvana getməsi mümkündür.

 

Təbii ki, bu, ehtimaldır. Digər tərəfdən, hələ ki, Ermənistan Azərbaycanı COP17-yə dəvət etməyib".

 

Politoloqun sözlərinə görə, COP29 və COP17 Ermənistan-Azərbaycan münaqişəsinin həlli baxımından tarixi fürsət ola bilər:

 

"Tərəflər Bakıda COP29 çərçivəsində rəsmi ya da qeyri-rəsmi görüşdə ilkin sülh müqaviləsini, İrəvanda isə COP17 tədbiri çərçivəsində yekun sülh müqaviləsini müzakirə edə bilərlər. Təbii ki, müzakirə ediləcək məsələlər fərqlidir. Lakin əsas məqam tərəflərin öz meydanlarında ikili danışıqlar təcrübəsinə yiyələnməsi, etimad mühitinin tam təmin edilməsidir".

 

Zəhra Məmmədova