100-lərlə gəncin gələcəyində rol oynayan məşqçi: ""Ali Fight Club"un əsas məqsədi..."-Məşqçi DANIŞIR
Bölmə: İdman › ,Tarix: 21:41 06.11.2024
"Döyüş bacarığımı yeni nəsilə ötürmək üçün məşqçi olmaq qərarına gəldim və çöldə xalça üzərində məhlədəki idmana həvəsli uşaqlara məşq keçməklə başladım".
"Ali Fight Club"un əsası 2022-ci il oktyabrın 1-i qoyulub. Yaradıcısı Əliyev Əli Telmar oğludur:
"1997-ci il oktyabrın 3-ü Bakı şəhərində anadan olmuşam. 18 il bir çox əlbəyaxa döyüş növləri ilə məşğul oldum, orta təhsilimi 162 saylı orta məktəbdə başa vurdum. 2016-cı ildə universitetə daxil oldum, lakin 2-ci kursda təhsilimi yarımçıq qoymaq məcburiyyətində qaldım. Full contact jiu jitsu üzrə 2 qat Bakı, 2 qat respublika çempionu euroasiya 2-cisi, 2019-cu il noyabrın 7-si Gürcüstanda dünya 2-cisi oldum. 2020-ci ilin yanvarın 18-i hərbi xidmətə getdim, ön xətdə xidmət etdim".
İlk dəfə 6 nəfərlə məşqlərə başlayan Əlinin artıq 120-dən çox tələbəsi var:
"Döyüş bacarığımı yeni nəsilə ötürmək üçün məşqçi olmaq qərarına gəldim və çöldə xalça üzərində məhlədəki idmana həvəsli uşaqlara məşq keçməklə başladım. Daha sonra məşqlərimə maraq artdı və idman zalında kirayə götürüb məşqlər keçdim. Ancaq tələbələrim getdikcə çoxaldığına görə bizə saatla zal kirayə etmək uyğun gəlmirdi. Təmirsiz binanın 4-cü mərtəbəsini idman zalı etməyi düşündüm ve dostlarımın, tələbələrimin köməyi ilə orada idman zalı düzəltdik. Hazırda tələbələrin sayı 120-dən çoxdur və bir çox yarışlarda uğur qazanmışıq. Həmçinin 5 dəfə də öz yarışımızı keçirmişik".
Məşq zalının ustalığını da öz üzərinə götürən məşqçi, boş betonlu olan bir obyektdən bir idman zalı düzəltməyə nail olub:
"Gecə elə, olub ki, işıq olmayıb, telefonun işığıyla hörgü hörürdük. Buranı düzəltdikdən sonra qərara gəldik ki, valideyn himayəsindən məhrum, şəhid övladı olanlarla ödənişsiz məşğul olacayıq. İmkanı olmayan təxmini 20 nəfər uşaq pulsuz məşq edir".
Müsahibin imkansız uşaqlara yardım etməsinin elə bir səbəbi də özünün də bu sahəyə çətinliklərlə gəlməsidir:
"Düzdür, burada arendayla bağlı bir az sıxıntı yaranır. Bir hal var ki, uşağa demək olmur axı, məşqdən çıx. Mən özüm də idmana çətinliklə gəlmişəm. Elə olub ki, məşqdən çıxıb, gedib işləmişəm, sonra yenidən davam etmişəm. Bir az maddi sıxıntılar olub. İndi onları görürəm, imkansız uşaqlar var ki, ailələri ilə işləyirlər. Elələri olub ki, köməklik etmişik".
Bununla yanaşı məşqçi, Qadın və Uşaq sığınacağındakı şiddət görmüş uşaqlara özünü müdafiə fəndləri öyrədir:
"Baxırıq ki, onlarda özünəinam yaranır. Fikrimiz var ki, onları yarışa çıxardaq. Onların gələcəyində heç olmasa bir az da olsa bizim də əlimiz olsun. Bundan əlavə, bizdə qızların da qrupu var. Qızların məşqləri pulsuzdur".
Əli Vəliyev 2-ci Qarabağ müharibəsi iştirakçısıdır:
"Düzdür, döyüşün içində deyildim. Naxçıxan tərəfdən Culfanın postundaydım. İdmanın, doğurdan da, əsgərlikdə çox böyük təsiri var. Həm insan özünü rahat hiss edir".
"Ali Fight Club" 100-lərlə uşağın gələcəyində rol oynasa, yardım etsə də, zaman - zaman maddi çətinliklərlə də qarşılaşır desək, yanılmarıq. Elə məşqçi də deyir ki, "Ali Fight Club"a sponsor lazımdır ki, uşaqlar xaricə yollansın:
"Dünya çempionu olan elə uşaqlar var ki, imkanı yoxdur ki, xaricə yollansın. Bura kasıb ərazidir. Burada imkansız uşaqların yarış pullarını özümüz ödəyirik. Xaricə getmək pullarına artıq bizim də maddi gücümüz yetmir. Yol pulu, qalmaq pulu, yarış pulu çox bahadır. Bizə indi sponsor lazımdır ki, yarışlara gedəndə heç olmasa, uşaqların yarış pullarını ödəsinlər. Zal o qədər gözəl dizaynda deyil. Bir az təmirə ehtiyacı var. Biz istəyirik ki, sponsorları cəlb edək, bir az bizə yayım lazımdır".
Uşaqların yarışda iştirak etməsi üçün onlara şərait yaratmaq "Ali Fight Club"un əsas məqsədidir...