Azərbaycan futbol klublarında maliyyə çətinlikləri-Klubların davamlı gəlirə və sponsora ehtiyacı var!
Bölmə: İdman › ,Tarix: 14:35 12.11.2024
"Azərbaycan futbol klubları maliyyə sabitliyini təmin etməkdə çətinliklərlə üzləşir və davamlı gəlir mənbələri yaratmaq üçün müxtəlif strategiyalar axtarır. Əsas gəlir mənbəyi SOCAR və federasiyanın maliyyə dəstəyindən asılıdır, lakin bu mənbələrin məhdudluğu, klubları daha geniş sponsorluq və investisiya imkanları tapmağa məcbur edir".
Bu sözləri "informator.az"a açıqlamasında futbol eksperti Aslan Kərimov söyləyib. Ekspert Azərbaycan futbol klublarının maliyyə dayanıqlığını təmin etmək üçün atılmalı olan addımlardan da bəhs edib:
"Qarabağ klubuna “Azərsun” tərəfindən sponsorluq edilir və bu klub eyni zamanda UEFA-dan əldə etdiyi gəlirlə büdcəsini nisbətən sabit saxlayır. Lakin digər klublar sponsor cəlb etməkdə böyük uğur qazana bilməyib və əsasən federasiyadan ayrılan 3 milyon manatlıq məbləğ hesabına fəaliyyət göstərməyə çalışırlar. Azərbaycan futbolunun daha yaxşı maliyyə vəziyyəti keçmişdə dövlət proqramı vasitəsilə mümkün olub. Bu proqram çərçivəsində futbola sponsorluq edən şirkətlərə vergi baxımından müəyyən güzəştlər verilirdi və bu, sponsorların futbola maliyyə yatırımı etməsi üçün stimul yaradırdı. Bu dövrdə klubların maliyyə vəziyyəti daha stabil idi. Lakin belə vəsaitlərin düzgün istiqamətə yönəldilməməsi vəziyyəti yenidən problemli hala gətirdi. Təkcə oyunçu transferləri ilə maliyyə xərcləmək futbola uzunmüddətli fayda vermir. Əksinə, infrastrukturun qurulması, təhsil və maarifləndirmə sahələrinə investisiya etmək zəruridir. Dövlət proqramı vasitəsilə bu kimi sahələrə dəstək təmin edilə bilər ki, bu da futbolun davamlı inkişafı üçün vacibdir".
Aslan Kərimovun sözlərinə görə, Azərbaycan futbolunun davamlı maliyyə resurslarına ehtiyacı var ki, bu da uzunmüddətli inkişafı təmin edə bilsin:
"Gənclər futboluna dəstək üçün də ciddi maliyyə resurslarına ehtiyac var. Azərbaycanda yetişən oyunçuların dəyəri milyonlarla ölçülmür və hər il yüksək dəyərə malik futbolçular yetişdirmək üçün şərait mövcud deyil. Yəni hər il Messi və ya Ronaldo kimi milyonlar gətirə biləcək gənc oyunçular yetişdirilmir. Dünyanın ən inkişaf etmiş akademiyalarında belə, peşəkar oyunçuların yetişdirilməsi yalnız 3% səviyyəsindədir. Bu da akademiyaların yüksək maliyyə sərfiyyatına baxmayaraq, az gəlir əldə edə biləcəyi anlamına gəlir. Məsələn; Gürcüstan klubları əsasən futbolçuları satış məqsədilə yetişdirirlər. Gürcüstan klubları müntəzəm olaraq gənc oyunçuları 200-300 min dollar məbləğində satmağa çalışırlar. Bu yanaşma Azərbaycan klubları üçün maliyyə baxımından dayanıqlı gəlir mənbəyi kimi görünmür. Futbolu inkişaf etdirsə də qazanc gətirməyəcək. Əgər gəlir mənbəyi yoxdursa, investorlar maliyyə qoymaq istəmirlər. Futbolçuları yetişdirib satmaq gəlir əldə etməyə kömək etsə də, bu sadəcə əlavə bir gəlir mənbəyidir və klubların davamlı gəlir mənbələri olmalıdır".
Fatimə Abdulrəhimli