İdman sahəsinin inkişafında Medianın rolu
Bölmə: İdman › ,Tarix: 16:52 14.11.2024
Media, hadisələri geniş kütləyə çatdıraraq maraq yaradır və daha çox izləyici, sponsor və maliyyə dəstəyi cəlb edir.
Bəs medianın idmanın inkişafına və məşhurlaşmasına təsiri necədir?
Məsələ ilə bağlı jurnalist Fuad Eldarov “İnformator.az”a açıqlamasında bildirib ki, bu məsələdə əlbəttə ki, sosial şəbəkələrin də rolu böyükdür:
"Ümumiyyətlə ölkəmizdə idmanın inkişafına dəstək olan sahələrdən biri də kütləvi informasiya vasitələridir. Azərbaycan idmanının istər daxili yarışlarını, istərsə də idmançılarımızın beynəlxalq tribunalardakı çıxışını işıqlandırmaq, onların uğurlarından bəhs etmək və bu barədə geniş yazılar yazmaq respublika idmanının xarici ölkələrdə də təbliği və tanıdılmasında xüsusi çəkiyə malikdir. Bu məsələdə əlbəttə ki, sosial şəbəkələrin də rolu böyükdür. Müxtəlif idman qurumlarının sosial şəbəkə hesabları, ya da digər idman motivli profillər Azərbaycan idmanının geniş auditoriyaya çatdırılmasında başlıca tanıtım qollarından hesab etmək olar. Məsələn, müxtəlif yarışlarda iştirak edən azərbaycanlı idmançı haqqında çıxış etdiyi turnirdə bəzi protokollar vasitəsi ilə xarici vətəndaşlar və ya azarkeşlər müəyyən təsəvvürə malik olur. Lakin bu informasiyanı artırmaq, idmançı haqqında, onun karyerası, uğurları və titulları barədə daha geniş məlumat bazası yaratmaq isə media qurumlarının üzərinə düşür. Bu proses daha geniş yayıldığı təqdirdə idmanımız və idmançılarımız artıq daha tez yada düşən və xatırlanan olur".
Jurnalist sözlərində, idmançıların onlarla bağlı yazılan müsbət yazıları oxuyub motivasiya qazana biləcəklərini də vurğulayıb:
"Biz jurnalistlərin də üzərinə düşən vəzifə yuxarıda qeyd etdiyim məsələlərdə həssaslıq göstərmək və onların uğurlarına qatqı yarada bilməkdir. Nəzərə alaq ki, hər bir idmançı çıxışının ardınca müxtəlif saytları, sosial şəbəkələri - ümumiyyətlə onunla bağlı yazılan yazıları və şərhləri oxuyur. Ona edilən sağlam tənqidi, məsələləri çıxmaq şərti ilə o da özü barədə yazılanlara nəzər yetirərək motivasiya qazana bilər. Belə olan halda, idmançı özünü xarici arenalarda tək hiss etməz və ona olan mənəvi dəstəyin məsuliyyətini yaxşı dərk edər. Və yekunda uğur halqalarına daha birini əlavə edə bilər. Bax ona görə də, medianın idmanın inkişafında rolu böyük, danılmaz və əvəzolunmazdır".
Aytac Mustafayeva