Türkiyə və Rusiya arasında münasibətlər gərginləşib

Bölmə: Siyasət › ,
Tarix: 22:36 21.11.2024

Türkiyə və Rusiya arasında münasibətlər müsbət inkişaf yolunda idi. Son zamanlar iki ölkə arasında münasibətlərin soyuduğu gözə çarpır. 

 

Mövzu ilə bağlı siyasi şərhçi Tofiq Abbasov ‘’informator.az’’a açıqlamasında bildirib ki, Türkiyə və Rusiya arasında müxtəlif məsələlər var ki, iki ölkənin münasibətlərini gərginləşdirir: 

 

"Bəzi mənbələrin dedikləri təsdiqləyir ki, bəli, iki ölkə arasında münasibətlərdə çatlar əmələ gəlib, fikir ayrılıqları var və hər iki tərəf çalışır ki, öz istəklərini maksimal dərəcədə həyata keçirsin. Bu baxımdan da, əlbəttə onlar bir-birindən uzaqlaşırlar. İlk növbədə, biz burada üçüncü tərəflərin təsirlərini mütləq yada salmalıyıq, çünki Türkiyənin iqtisadi vəziyyəti ağırdır. ABŞ və Qərbi Avropa amili onların həyatında kritik rol oynayır. Çünki bir yandan Türkiyənin maliyyə sektorunu qərblilər çökdürürlər, yerli lirənin qiymətdən düşməsi, ucuzlaşması həm ölkədəki vəziyyəti ağırlaşdırır, həm də iqtisadiyyata ziyan vurur. Burada Türkiyənin ilk növbədə istəyi və ümidi ondan ibarət olur ki, qərblə münasibətlərini tarazlasın, qərbin maliyyə institutlarının dəstəyini ala bilsin, iqtisadi zəmində qərb ölkələri ilə daha yaxınlaşsın".

 

Mühasib Qərbin gözləntilərindən də danışıb:

 

"Bu zəmində təzadlar yaranır və Türkiyə Rusiyadan uzaqlaşır. Qərbin özünün Türkiyə ilə bağlı gözləntiləri var, onlarda həm Qafqaz, həm Yaxın, Orta, Uzaq şərq, həm də Suriya ilə bağlıdır. Suriyada demək olar ki, vaxtilə Astana formatı var idi ki burada 3 ölkə fəaliyyət göstərirdi: Rusiya, Türkiyə və İran. Bu format bir qədər özünü doğrultmuşdu, ancaq sonradan onun fəaliyyəti demək olar ki, donduruldu. İndi isə, ikitərəfli münasibətlərdə Ankara da, Moskva da razılığa gələ bilmirlər. Çünki Türkiyə orada kürd amilini zəiflətmək üçün əməliyyatlar keçirməyə çalışır, amma Rusiya bu məsələlərdə Türkiyənin təkbaşına hərəkət etməsini istəmir. Rusiya razılaşdırılmış tərzdə hərəkət etmək istəyir. Bu zəmində də ölkələr arasında narazılıqlar ortaya çıxıb. Ukrayna məsələsində də Türkiyə və Rusiya arasında fikir ayrılıqları var: silah-sursatın verilməsi, taxıl məsələsinin dünya bazarına çıxarılması və s. Burada da əvvəlcə razılıqlar əldə olunub, amma sonradan həm Ankara, həm də Moskva öz istədikləri kimi hərəkət etməyə başladılar və ittihamlar da səslənirdi. Artıq bəlli olurdu ki, Ukrayna mövzusu ətrafında Ankara və Moskva arasında müəyyən fikir ayrılıqları var. Çünki burada da biz üçüncü tərəflərin müdaxiləsini görürük. Türkiyə-Rusiya yaxınlaşmasının qatı əleyhidarları var və onlar istəmirlər ki, bu iki ölkə qonşuluq siyasətini həyata keçirsin".

 

Günel Verdiyeva