Rusiyaya qarşı yeni sanksiyalar nəzərdən keçirilib-Tramp

Bölmə: Siyasət › ,
Tarix: 14:26 09.07.2025

Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermək imkanını çox qətiyyətlə nəzərdən keçirirəm. Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

 

"Bu, mümkün qanun layihəsidir. Tamamilə məndən asılı olan məsələdir", - deyə o bildirib. Jurnalistin Vaşinqton administrasiyasının Rusiyaya qarşı hansı tədbirləri görə biləcəyi ilə bağlı sualına Tramp belə cavab verib:

"Mən bunu sizə deməyəcəm. Bir az sürpriz olsun".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, Tramp ümumilikdə qeyri-sabit davranış sərgiləyən bir siyasi fiqurdur:

 

"Gün ərzində bir neçə dəfə müxtəlif mövzularda çıxış edir, bu çıxışlar isə bir-birini təkzib edən fikirlərlə dolu ola bilər. Bir gün Ukraynanı sərt şəkildə hədələyir, ertəsi gün isə Putinə qarşı sərt ritorika nümayiş etdirir. Bu, Trampa xas olan ziddiyyətli davranış tərzidir. Əslində, Amerika siyasətində şoumenlik çoxdan adi hal alıb. Siyasi səhnədə emosional çıxışlar, gözlənilməz bəyanatlar və cəmiyyətin diqqətini cəlb edən teatrallıq artıq ABŞ siyasətinin ayrılmaz hissəsinə çevrilib. Amerika bu siyasi şoumenlik modelini dünyaya ixrac edib. Tramp isə bu modelin klassik təmsilçilərindən biridir – tipik siyasi şoumen. Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi mümkündür. Lakin bu cür tədbirlər adətən Rusiya kimi nəhəng və tarixi təcrübəyə malik dövlətlərin zəifləməsinə və ya “ağ bayraq qaldırmasına” gətirib çıxarmır. Tarixdə bunun bir çox nümunələri var – Şimali Koreyaya tətbiq olunan sanksiyalar, İrana qarşı illərlə davam edən iqtisadi təzyiqlər və s. Amma nəticə olaraq dünya ictimaiyyəti reallıqları qəbul etməyə və bu dövlətlərlə müəyyən səviyyədə əməkdaşlıq etməyə məcbur olub. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təsiri müəyyən mənada hiss olunur, lakin bu, ölkədə hakimiyyətin dəyişməsinə səbəb olacaq səviyyədə deyil. Unutmayaq ki, müasir dünya artıq qloballaşıb. Bazarlar bir-biri ilə sıx əlaqəlidir və bu cür iqtisadi təzyiqlər təkcə hədəf ölkəyə deyil, eyni zamanda həmin bazarlarla ticarət edən Qərb dövlətlərinə də zərər vurur. Digər tərəfdən, müharibə şəraitində belə “qara bazar” adlanan alternativ iqtisadi yollar fəaliyyətini davam etdirir. Yəni formal olaraq tətbiq olunan sanksiyalar arxa planda qeyri-rəsmi iqtisadi əlaqələrlə əvəzlənə bilir. Bütün bu proseslər onu göstərir ki, geosiyasi mübarizədə təkcə sərt bəyanatlar və iqtisadi sanksiyalarla nəyəsə nail olmaq mümkün deyil. Reallıqları qəbul edib daha dərin və strateji yanaşmalara ehtiyac var".

 

Qəmər Kazımzadə