Uşaqların Hüquqlarını qorumaq : BMT Konvensiyası və Milli Qanunvericilik

Bölmə: Sosial › ,
Tarix: 14:30 23.11.2024

Uşaq hüquqları Konvensiyasını Birləşmiş Millətlərin Təşkilatı  1989-cu ildə qəbul edib və 1990-cı ildə qüvvəyə minib. Bu konvensiya, uşaqların hüquqlarını və azadlıqlarını qorumaq üçün təsis edilib.

 

Uşaq Hüquqları Konvensiyası nədir və hansı məqsədləri daşıyır?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov, bu konvensiyasının bütövlükdə İkinci Dünya Müharibəsindən sonra insan haqlarına dair qəbul olunan digər konvensiyaların çərçivəsində olduğunu bildirib:

 

“İlkin olaraq BMT-nin bütövlükdə “İnsan haqları” konvensiyası qəbul olunub. Bu konvensiyada məhz uşaqların hüquqları qeyd olunub. Bu vaxtadək hesab olunurdu ki, uşaq valideynindir, valideyn ona nə istəsə edə bilər. Əsrlər boyu bu belə olub. Amma insan hüquqları konsepsiyası daxilində aydın oldu ki, uşaq bir fərddir, insandır, şəxsiyyətdir. Əlbəttə ki, müəyyən istisnalarla onun da özünü tam sərbəst ifadə etməyə haqqı var. Və bu Konvensiya da bu və ya digər şəkildə bütün dünyada tətbiq olunur. Məqsədi isə uşaq haqlarının müdafiəsidir. Amma Azərbaycanda və digər ölkələrdə buna nə dərəcədə riayət olunur? Bu özü sual altındadır”.

 

 

Hüquqşünas qeyd edib ki, hər sahədə olduğu kimi burada da problemlər var:

 

"Əlbəttə, son 10 illiklər ərzində Azərbaycanda uşaqların hüquqlarını qorumaq üçün xeyli tədbirlər görülüb. Amma yenə də problemlər və suallar qalmaqdadır. Hələ bu konvensiyanın özündə də məsələn 6-cı maddəni misal göstərək: “Hər bir uşaq yaşamaq kimi ayrılmaz hüquqa malikdir”. Bəs, gəlin görək Azərbaycanda bu hüquq nə dərəcədə müdafiə olunur?

Mən abort məsələsini demək istəyirəm. Bu məsələ ümumiyyətlə dünyada ən mübahisəli mövzudur. Bəziləri deyir ki, o hələ insan deyil, bəziləri deyir müəyyən aya qədər ana bətnində olan cisim insan deyil və s. Bunların hər biri süni anlayışlardır. Tutalım ki, 3 aya qədər insan deyil, sonra insan olur?! Qısası abort olunursa, bu onu öldürmək deməkdir, yaşamaq hüququnun əlindən alınmasıdır. Xüsusən də, Azərbaycanda son dövrlərdə qız uşaqlarına qarşı belə bir amansız münasibət var. Analar dünyaya gətirəcəkləri uşaq oğlan olmayacağını biləndə, uşağı tələf edirlər. Elə ona görədir ki, ölkəmizdə oğlan uşaqlarının sayı kəskin çoxdur. Elə bu, Azərbaycanda ən birinci qanun pozuntusudur. Uşağın yaşamaq hüququnu pozuruq”.

 

 

Əkrəm Həsənov, konvensiyanın digər maddələrinə də nəzər salaraq bildirib:

 

“Bundan başqa, uşağın valideyninə münasibətinə dair olan elə konvensiyanın 7-ci maddəsinə nəzər salaq: “Hər bir uşağın valideynini tanımaq və tapmaq hüququ var”.  Bizdə donor vasitəsilə süni mayalanma mövcuddur. Dünyanın bir çox ölkələrində, Avropa dövlətlərinin demək olar ki, hamısında bu qadağandır. Yəni bilinməyən insan donoru ilə uşaq dünyaya gətirmək olmaz. Bu, uşağın hüququnu pozmaqdır. Bizdə isə belə hallar çoxdur və günü-gündən də artır. Qısası buna da Azərbaycanda icazə verilib. Faktiki olaraq qanuna və Konvensiyaya ziddir. 

Uşaqların sosial təminatına nəzər salaq. Çox acınacaqlı vəziyyətdir. Onların yaşayış minimumu təmin olunmur. Yəni valideyn əgər işləmirsə, dövlətin də yardımı olmur, onlara uşaq pulu verilmir. Mən demirəm ki, bütün uşaqlara verilməlidir. Ancaq bir ailə ki, gəliri aşağıdırsa, yaxud yoxdursa onlara yardım olunmalıdır. Bunlar da “Uşağın sosial təminat hüququ” olaraq konvensiyaya daxil olunub.

Konvensiyaya daxil olan “Uşaqların təhsil alma hüquqları” da həmçinin Azərbaycanda pozulur. Elə ailələr vardır ki, uşaqlarını məktəbə göndərmir. Məktəblər isə həmin uşaqlarla maraqlanmırlar. Valideynlər uşaqlarını işlədir, hansı ki, bu da qanunsuzdur”.

 

 

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı hansı hüquqi çərçivə mövcuddur?- sualını isə ekspert belə cavablayıb:

 

“Uşaqların zərərli informasiyadan qorunması haqqında da ayrıca bir qanun vardır. Ancaq buna da əməl olunmur. Telekanallara, sosial şəbəkələrə nəzər yetirsək görərik ki, uşaqların baxmaması lazım olan bir çox gərəksiz və yersiz verilişlər, məlumatlar, proqramlar verilir. Bunların heç birini uşağa göstərmək olmaz. İnternet Azərbaycanda sərbəstdir. Uşaqlar istədikləri şeyə baxırlar. Mən demirəm ki, Azərbaycanda internetə məhdudiyyət qoyulsun. Yetkin şəxslər özləri bilərlər nəyə baxırlar, amma uşaqların psixologiyası zəif olduğu üçün qarşılarına çıxan hər şeyi izləməməlidirlər”.

 

Türkanə Meşədiyeva