İran açıqlayıb: Nüvə müzakirələrinin yeri və tarixi...

Bölmə: Dünya › ,
Tarix: 22:59 21.07.2025

İran və İngiltərə, Fransa, Almaniya üçlüyü arasında nüvə proqramı müzakirələri 25 iyulda İstanbulda baş tutacaq.Bu barədə İran dövlət televiziyasının yaydığı məlumatda deyilir.

 

Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az” a açıqlamasında bildirib ki, Türkiyə qlobal səviyyədə bütün güc mərkəzləri vasitəsilə etibar edilən bir dövlət olduğu üçün seçim edilir:

 

 “Çünki Türkiyə yeganə dövlətdir ki, NATO üzvü olaraq həm da NATO-Rusiya qarşıdurması kontekstində, Rusiya-Ukrayna, yəni NATO-nun dəstəklədiyi Ukrayna ilə Rusiya arasında vasitəçilik edir. Belə bir şeyi təsəvvür etmək çox çətindir.Rusiya buna ona görə razılıq verir ki, konkret əməli fəaliyyəti ilə Türkiyə sübut edib ki, qərbin sanksiyaları kontekstində bütün sanksiyalara qoşulmayıb və Rusiyayla normal münasibətləri davam etdirib. Yəni, bu etimadı Türkiyə özü qazandığı üçün bu gün ona etibar edilir”. 

 

Politoloq qeyd edib ki, İranla bağlı 12 günlük müharibədə Türkiyənin mövqeyi birmənalı olaraq sülhdən yana olub:

 

“Bununla bağlı təkcə vasitəçilik deyil, həm də bölgədə sülhün bərqərar olması üçün intensiv danışıqları da Türkiyə ABŞ-nin rəhbərliyi ilə aparıb. Dolayısıyla, bir cümlə ilə ifadə etsək, bu gün fikir verirsinizsə, bütün qlobal münaqişələr — hansı regionda baş verməsindən asılı olmayaraq — həll üçün etibar edilən və vasitəçilik aparılan məkan qardaş Türkiyə və Azərbaycandır. Bu nə deməkdir? Bu, o deməkdir ki, Türkiyə və Azərbaycan, bütövlükdə türk dünyası bütün dünyanın vicdanına çevrilir. Bu, çox önəmli amildir.Kimlərsə, geosiyasi oyunlarda öz maraqlarını önə çəkməyə çalışarkən, Türkiyə və Azərbaycan sadəcə regionda deyil, qlobal səviyyədə sülhün bərqərar olmasına töhfə verir. Bir tərəfdə Türkiyənin Rusiya-Ukrayna, Yaxın Şərq və digər münaqişələrdə rolu varsa, digər tərəfdə Suriyada, eyni zamanda Türkiyə-İsrail münasibətlərində Azərbaycan da önəmli vasitəçi kimi çıxış edir. Azərbaycan münaqişə tərəflərini öz paytaxtında görüşdürür və çözümə yönəlik dialoqlar təşkil edir”. 

 

Natiq Miri açıqlamasında bildirib ki, Avropa üçlüyünün əsas gözləntisi, xüsusilə əsas istəyi, İranın nüvə proqramı çərçivəsində yüksək səviyyədə zənginləşdirilən uranı tərk etməsidir:

 

 “Avropa Birliyi və ABŞ istəyir ki, 60 faizdən yuxarı zənginləşdirilmiş uran başqa bir dövlətə təhvil verilsin və həmin dövlətdə zənginləşdirilmə aşağı səviyyəyə endirilsin, qarşılığında isə aşağı zənginləşdirilmiş uran İrana qaytarılsın.İranın buna nə qədər razı olub-olmayacağı bəlli deyil. Çünki İran bir tərəfdən yüksək tonla danışır və nüvə zənginləşdirmə prosesinin davam edəcəyini bəyan edir, digər tərəfdən isə Avropa üçlüyü və ABŞ-lə danışıqlara hazır olduğunu göstərir. Yəni, danışıqlardan imtina olunmursa, demək ki, İran müəyyən güzəştlərə açıqdır. Amma bu gün konkret hansı güzəştlərin ediləcəyini proqnozlaşdırmaq çətindir. Çünki qarşılıqlı tələblər var, İranın da öz maraqları və qırmızı xətləri mövcuddur. Bu qırmızı xətlərin hansı səviyyədə yumşaldılacağı danışıqların nəticəsindən asılı olacaq.Həmçinin bilirsiniz ki, İrana qarşı ağır sanksiyalar tətbiq edilib. Bu sanksiyaların bir hissəsi ABŞ, digər hissəsi isə BMT vasitəsilə həyata keçirilib. Bir müddət əvvəl BMT sanksiyalarının müəyyən hissəsi ləğv olunub. Ancaq avqust ayında danışıqlar baş tutmazsa, Avropa üçlüyü İranı BMT səviyyəsində sanksiyaların bərpası ilə hədələyir. İran isə nə dediyindən çox, nə etdiyi ilə diqqət çəkir. Avqusta yaxınlaşdıqca Avropa üçlüyü ilə danışıqlara daha açıq mövqe sərgiləyir. Eyni zamanda İranın sanksiyaların ləğvi ilə bağlı da tələbləri mövcuddur. Yəni, Avropa Birliyi və ABŞ-nin istəkləri yerinə yetirildiyi halda, sanksiyaların ləğvi məsələsi də gündəmə gələcək”. 

 

Natiq Miri son olaraq açıqlamasına əlavə edib ki, İrana məxsus dondurulmuş milyardlarla vəsaitin açılması və ölkəyə qaytarılması müzakirə predmeti ola bilər:

 

 “Eləcə də, İsrail və ABŞ vasitəsilə nüvə məsələsindən əlavə olaraq ballistik raketlərin istehsalının dayandırılması tələb olunur ki, bu da İran vasitəsilə qətiyyətlə rədd edilir.Ancaq heç nəyi istisna etmək olmaz. Bütün bu məsələlər kompleks şəkildə müzakirə mövzusu olacaq”. 

 

Ləman Mahmudlu