Suriyada qarşıdurma: öldürülənlərin şok sayı...

Bölmə: Dünya › ,
Tarix: 22:50 21.07.2025

İyulun 13-dən Suriyanın cənubundakı Suveyda əyalətində davam edən silahlı toqquşmalar nəticəsində 298 dinc sakin həlak olub, qarşıdurmada ölənlərin ümumi sayı 1119 nəfərə çatıb.Bu barədə “Sky Nyus” məlumat yayıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az” a açıqlamasında bildirib ki, Suveyda bölgəsində baş verən bu qanlı toqquşmaların səbəbi İsrailin Suriyada yaranan yeni reallıqla barışmamasından irəli gəlir:

 

“Çünki İsrail həmişə çalışıb ki, yaxın ətrafı coğrafi olaraq olmasa da, ümumi mənada fərqli dövlətləri öz təsir dairəsinə salsın və beləcə bütün bölgəni nəzarəti altına alsın.Təbii ki, bu əvvəldən utopik yanaşma olub, həm fiziki olaraq mümkün deyil, həm də beynəlxalq siyasət baxımından gerçəkləşməsi mümkün olmayan bir yanaşmadır. İndi Yaxın Şərqdə, xüsusən də Suriyada belə bir mənzərə ilə qarşı-qarşıya qalırıq. İsrail druzilərin əli ilə Suriyadakı yeni hakimiyyəti, Əl-Əsəd hakimiyyətini bir növ onunla hesablaşmağa məcbur etmək istəyir. Yəni Əl-Əsədə mesaj verilir ki, əgər bölgədə sən İsrailin maraqlarını təmin etməsən və ya yeni mərkəzləşən, qüdrətli Suriya dövləti quruculuğu işlərinə başlasan, bu artıq İsrailin hədəfi halına gəlməyin demək olacaq. Çünki bölgədə druzlar mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildiriblər, lazım gəlsə İsraildən dəstək alacaqlarını ifadə ediblər. Hətta fərqli şəxslərin dilindən onlarla birləşməyi daha üstün tutacaqları yönündə də bəyanatlar verilib, addımlar atılıb”. 

 

Həşim Səhrablı son olaraq açıqlamasına əlavə edib ki, bütün bu amilləri nəzərə aldıqda ortaya bir reallıq çıxır:

 

“Hazırkı Suriya hakimiyyəti ilə İsrailin dövlət maraqları üst-üstə düşmür və ziddiyyətlər o qədər ciddidir ki, bu iki tərəfin yaxın zamanlarda barışması mümkün görünmür.Bu mərhələdə yalnız bəzi lokal məsələləri həll etmək mümkün olur. Lakin gələcəkdə bu strategiyalar davam edərsə, zamanla biz daha güclü bir Əl-Əsəd hakimiyyəti görəcəyik və onun daha qərarlı, daha uğurlu addımlarının şahidi olacağıq”. 

 

Ləman Mahmudlu