"Avropa və Postsovet məkanında güc balansı yenidən şəkillənir"-POLİTOLOQDAN ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 23:52 25.11.2024
"Rusiya-Ukrayna müharibəsi yalnız hərbi qarşıdurma deyil, eyni zamanda Avropa və postsovet məkanında güc balansını yenidən şəkilləndirən qlobal bir hadisəyə çevrilib".
Bu sözləri "İnformator.az"a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, müharibə Rusiyanın iqtisadi və hərbi potensialına ciddi zərbə vurub:
"Rusiya indi əvvəllər münasibətlərinin zəif olduğu ölkələrlə belə əməkdaşlığa can atır. Bu zəifləmə, Rusiyanın beynəlxalq arenada daha çox dəstək axtarmasına səbəb olub. Təbii ki, Ukrayna tərəfi də ağır itkilərlə üzləşib. Artıq 7 milyondan çox ukraynalı ölkəni tərk edib. Ölkənin bəzi əraziləri isə yaşayış üçün yararsız vəziyyətdədir".
Politoloq müharibənin təsirlərinin postsovet ölkələrində mərkəzdən qaçma meyillərinin artmasına səbəb olduğunu qeyd edib:
"Ermənistan Avropa ilə yaxınlaşma siyasətinə üstünlük verir, Gürcüstan neytral qalmağa çalışır, Azərbaycan isə güc balansını qorumağa çalışaraq milli maraqlarını üstün tutur. Orta Asiya ölkələri isə yalnız Rusiya ilə deyil, Çinlə də əməkdaşlığa daha çox diqqət yetirirlər. Belə ki, Moldovada Avropa yönümlü partiyalar üçün yeni imkanlar yaranıb. Belarus hələ də qeyri-müəyyən vəziyyətdədir və müharibənin nəticələri onun gələcəyinə ciddi təsir göstərə bilər".
"Böyük ehtimalla, müharibənin sonunda regional və qlobal güc balansının tamamilə dəyişəcəkdir. Avropa və postsovet məkanında isə bu dəyişikliklər uzunmüddətli təsirlər yarada bilər",-deyə o, fikirlərini yekunlaşdırıb.
Xanım Ağamalıyeva