Uzunmüddətli münasibətlərin uğurlu olması üçün nələrə diqqət etmək lazımdır?

Bölmə: Sosial › ,
Tarix: 20:27 28.11.2024

Qurduğumuz münasibətlər problemsiz ötüşmür. Hər bir münasibətdə çəkişmələr, küskünlüklər, hətta qısa sürən ayrılıqlar olur. Son zamanlar aparılan araşdırmalar göstərir ki, xüsusilə uzun müddətli münasibətlər və evlilik mərhələsinə çatan münasibətlərdə daha çox problem yaşanır.

Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov "informator.az"a açıqlamasında bildirib ki, uzunmüddətli münasibətlərin uğurlu olması qarşılıqlı hörmət, sevgi və düzgün ünsiyyət vacib amillərdir:

 

"İstənilən münasibətdə çəkişmələr və küskünlüklər qaçınılmazdır, çünki hər iki tərəf fərqli dünyagörüşü, təcrübə və emosional ehtiyaclara malikdir. Əsas məsələ bu problemləri necə idarə etməkdir. Uzunmüddətli münasibətlərdə çətinliklərin öhdəsindən gəlmək üçün tərəflərin hər biri problemlərə anlayış və həll yönümlü yanaşır. Bu prosesdə düzgün ünsiyyət mühüm rol oynayır. Belə ki, tərəflər öz hisslərini, narahatlıqlarını və gözləntilərini açıq şəkildə ifadə edirlər. Eyni zamanda, burada dinləmə bacarığı da mühüm rol oynayır. Qarşı tərəfi ittiham etmək və ya müdafiəyə keçmək yerinə, fikirləri diqqətlə dinləmək lazımdır. Bunun üçün tərəflər aktiv dinləmə texnikalarını öyrənməli, əsas problemləri deyil, onların səbəblərini müzakirə etməyi bacarmalıdırlar. Qeyd edim ki, uzunmüddətli münasibətlərin möhkəm olması üçün tək sevgi kifayət etmir, burada hörmət də əsasdır. Qarşı tərəfi olduğu kimi qəbul etmək, onun dəyər və sərhədlərinə hörmətlə yanaşmaq uzunmüddətli münasibətdə vacib rol oynayır. Ona görə də münasibətlərin əvvəlində tərəflərin bir-birinə göstərdikləri diqqəti davam etdirməli, qarşı tərəfin qüsurlarını müzakirə edərkən konstruktiv olmalıdırlar. Unutmayaq ki, uzunmüddətli münasibətlərdə heç bir tərəf hər zaman haqlı və ya hər zaman istədiyini əldə edən olmayacaq. Kompromisə getmək münasibətlərin davamlılığını təmin edir".

 

Psixoloq hissləri gizlətməyin fəsadlarından da danışıb:

 

"Münasibətlərdə emosional yaxınlıq tərəflərin bir-birinə emosional dəstək göstərməsi ilə yaranır. Hissləri gizlətmək və ya qarşı tərəfi duyğusal olaraq gözardı etmək problemlərə səbəb ola bilər. Münasibətlərdə rutindən qaçmaq və münasibətlərə yenilik qatmaq da uzunmüddətli münasibətləri möhkəmləndirir. Birlikdə gələcək planları qurmaq da uzunmüddətli münasibətləri şərtləndirir. Bəzən elə olur ki, uzunmüddətli münasibətdə hansısa problemlər tərəflər tərəfindən həll oluna bilmir. Bu halda, peşəkar psixoloji yardım almaq münasibətləri xilas edə bilər".

 

Sevinc Zeynalova