Günümüzdə artan psixoloji problemlərin səbəbləri və çıxış yolları

Bölmə: Sosial › ,
Tarix: 22:35 29.11.2024

“Buraya biz post-pandemiyanın təsirlərini, texnologiya və sosial medianın inkişafını, iqlim dəyişikliyini, dünyada yaşanan qeyri-müəyyənlikləri və s. məqamları daxil edə bilərik”.

 

Bu sözləri “informator.az”a açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib.

 

Onun sözlərinə görə, son illərdə psixoloji problemlərin artmasına bir çox amillər təsir göstərir:

 

“ COVID-19 pandemiyası insanların psixoloji sağlamlığına ciddi təsir göstərdi. Təcrid, sosial əlaqələrin azalması, işsizlik və qeyri-müəyyənlik psixoloji problemləri artırdı.

Post-pandemiya dövründə biz aşağıdakı psixoloji problemləri daha qabarıq formada müşahidə edirik:

 

Stress: İnsanlar pandemiya zamanı gündəlik həyatlarında böyük dəyişikliklərlə üzləşdi. İqtisadi itkilər, yaxınların itkisi və qeyri-müəyyənlik hissi kütləvi stress yaratdı.

 

Tənhalıq və sosial izolyasiya: Pandemiya dövründə tətbiq edilən karantin rejimi insanlarda tənhalıq hissini artırdı. Sosial əlaqələrin azalması uzunmüddətli mənfi emosional təsirlərə səbəb oldu.

 

Psixi sağlamlıq xidmətlərinə məhdud çıxış: Pandemiya zamanı psixoloji yardım xidmətlərinə çıxış çətinləşdi, bu da problemlərin həll edilmədən qalmasına səbəb oldu. Bu hallar indi də insanların həyat tərzinə təsir edir, onların məhsuldarlığını, şəxsi münasibətlərini və ümumi sağlamlıq səviyyəsini aşağı salır”.

 

Ekspert yeni texnalogiyanın və sosial medianın da insan psixologiyasına təsir etdiyini bildirib

 

“Belə ki, insanlar bu gün real ünsiyyətdən uzaqlaşır və özlərini daha təcrid olunmuş hiss edirlər. Sosial media platformalarında mükəmməllik standartları, təzyiq hissi və qısqanclıq hallarının yaranmasına gətirib çıxarır. Texnologiyanın inkişafı eyni zamanda insanları real sosial mühitdən uzaqlaşdırır. Gündəlik həyatın böyük hissəsini rəqəmsal mühitdə keçirmək şəxslərarası ünsiyyəti zəiflədir. Artan rəqabət, vaxt çatışmazlığı və “mükəmməl həyat” təzyiqi insanlarda həyəcan və depressiyanı artırır. Rəqəmsal həyat tərzi daha az fiziki hərəkətliliyə və təbii olaraq psixi sağlamlıq problemlərinə gətirib çıxarır. Eyni zamanda insanların ifrat informasiya alması onların emosional olaraq yüklənməsinə səbəb olur”.

 

Mahmud Əskərli