Fransa hökuməti çökmək ərəfəsində..

Bölmə: Dünya › ,
Tarix: 21:47 04.12.2024

Fransanın Baş naziri Mişel Barnier çərşənbə günü keçiriləcək etimadsızlıq səsverməsində vəzifəsindən kənarlaşdırıla bilər. Bu, onun Prezident Emmanuel Makron tərəfindən hökuməti idarə etmək üçün təyin olunmasından cəmi üç ay sonra baş verir.

 

Müxalifət partiyaları, keçmiş Brexit müzakirəçisinin büdcəni səsverməsiz qəbul etmək üçün xüsusi səlahiyyətlərdən istifadə etməsindən sonra bu addımı atıblar.

 

Barnier çərşənbə axşamı Fransa televiziyasına çıxaraq mövqeyini müdafiə edib və səsvermədən sağ çıxmasının “mümkün” olduğunu deyib.

 

Lakin sol və sağ müxalifət partiyalarının onu vəzifədən kənarlaşdırmaq üçün birləşəcəyi gözlənilir. Bu, yayda keçirilən seçkilərdən sonra parçalanmış parlamentin yaratdığı siyasi qeyri-sabitliyi daha da dərinləşdirəcək və Makrona təzyiqi artıracaq.

 

Fransa iyun və iyul aylarında Makronun gözlənilmədən elan etdiyi erkən seçkilərdən sonra heç bir qrupun parlamentdə əksəriyyət qazana bilməməsi səbəbindən siyasi qeyri-müəyyənlik içindədir.

 

Sol ittifaq ən çox mandat qazansa da, Makron sabitliyi bərpa etmək üçün mühafizəkar Barnieri təyin etmişdi. Lakin onun hökuməti əksəriyyətin olmaması səbəbindən davamlı olaraq zəiflədilib.

 

Bazar ertəsi Barnier kifayət qədər dəstək qazana bilmədiyi üçün sosial təminat islahatlarını prezident fərmanı ilə qəbul etdirdi. Bu, azlıq hökumətini çöküş həddinə çatdırıb.

 

Fransa televiziyasına danışan Barnier, Prezident Emmanuel Makronun istefa verməsinin ölkədəki böhranı aradan qaldıra biləcəyi fikrini rədd edib və onu "sabitlik zəmanəti" adlandırıb.

 

Mənbə: Bbc news 

Nuray Qurbanlı