"Əsəd polisi məni və xəbərimi basdırmaqla hədələdi"
Bölmə: Dünya › ,Tarix: 23:24 09.12.2024
11 il əvvəl mən nə vaxtsa qayıdacağımı bilmədən Dəməşqi tərk etdim.
O vaxtlar şəhər müharibənin məngənəsində idi. Prezident Bəşər Əsədin demokratiya tərəfdarı etirazları amansızlıqla yatırmasından sonra baş verən şiddətli zorakılıq paytaxtı bürüdü. Hər an küçələrdə güllələnə bilərdin .
2011-ci ildə ilk etirazlar barədə Suriya daxilindən BBC-yə reportaj verdim . “Qəzəb günü” haqqında , sonra atışmalar, qətllər, itkin düşmələr, hava zərbələri və çəllək bombaları haqqında - özüm də ümidimi itirənə qədər xəbər verdim .
Bir neçə dəfə həbs olunmuşam. Rejim hərəkətlərimi məhdudlaşdırdı və məni hədələdi və 2013-cü ildə mən getməli oldum.
Son on ildə mən ölkəmin xaricdən parçalandığını seyr edərək, ümid və ümidsizlik hisslərini yaşadım. Ölüm, məhv, həbs... Milyonlarla insan qaçıb qaçqın vəziyyətinə düşür.
Bir çox suriyalı kimi mən də hiss etdim ki, sanki dünya ölkəmizi unudub. Tunelin sonunda işıq yox idi.
O vaxt insanlar rejimin devrilməsini tələb etmək üçün küçələrə çıxanda, prezident Əsədin Rusiya və İrandakı güclü dəstəkçilərini nəzərə alsaq, bunun gerçəkləşəcəyini heç təsəvvür etmirdim.
Amma bazar günü bir göz qırpımında hər şey dəyişdi.
Keçən həftə mən Beyrutda Hələb və Həma şəhərlərinin Əsəd əleyhdarı yaraqlılara süqutu barədə reportaj verirdim, lakin bunun dəyişiklik gətirəcəyini düşünmürdüm. Düşünürdüm ki, Suriya iki yerə bölünəcək, Dəməşq və sahil şəhərləri Əsədin əlində qalacaq.
Şənbə günü gecə yarısından sonra işlər qəflətən tərsinə döndü. Saat 04:00-a kimi rejimin çökdüyü, Əsədin getdiyi açıqlandı. İndi bu sözləri yazarkən bunun reallıq olduğuna hələ də inana bilmirəm.
Suriyada indi nə baş verdi və buna kim rəhbərlik edir?
Mən həftə sonu Suriyanın ən qorxulu gizli polis təşkilatlarından biri olan Fələstin şöbəsindən ölkəyə girmək üçün icazə almağa çalışırdım. Etirazlarla bağlı xəbər verdiyim üçün onların mənim adıma həbs orderi var idi.
2011-ci ildə qiyamın ilk həftəsində həbs olunduğumu unuda bilmədim. Döyülmək üçün sıraya düzülən kişilərin, yerdə təzə qanların, işgəncə çığırtılarının şahidi olmuşam. Bir təhlükəsizlik işçisi ağzımdan tutdu və bir söz desəm “mənim üçün kəsəcəyini” dedi.
Bazar günü mən həmkarlarımla birlikdə Suriya sərhəddinə qaçdım. İndi Fələstin şöbəsində heç kim yox idi - nə təhlükəsizlik işçiləri, nə də sonuncu dəfə yanvar ayında Suriyaya girməyə cəhd edəndə məni təhdid edən müstəntiq. Mənə dedi ki, məni yeddi mərtəbə yerin altında basdıra bilər və heç kim bilməyəcək. Onun indi harada olduğu ilə maraqlandım. Dindirdiyi və hədələdiyi minlərlə adama münasibəti necə idi? Yoxsa Əsədin həbsxanalarında işgəncə ilə öldürülənlər?
Mən saxlanılmaqdan qorxmadan sərhədi keçdim. Dəməşqdən BBC üçün efirə gedəndə təhlükəsizliyim üçün qorxmadan xəbər verdim.
Mənbə: Bbc news
Mahmud Əskərli