Fədakar müəllim: Şirvandan Sabirabada uzanan elm yolu
Bölmə: Sosial › ,Tarix: 21:11 10.12.2024
Hər səhər Şirvan şəhərinin sakit küçələrindən başlayan bir yol, Sabirabadın Çığırğan kəndindəki bir sinif otağında tamamlanır. Bu yolun hər addımında bilik işığı ilə qəlbləri işıqlandıran biri var: Günay Əliyeva. O, Şəhid Cəlil Xəlilov adına tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışır və öz missiyasını sevgi, fədakarlıq və peşəkarlıqla icra edir. Günay müəllim yalnız dərsləri ilə kifayətlənmir. O, hətta dərsdənkənar vaxtlarda uşaqlara təmənnasız hazırlıq keçir, onların gələcəyinə işıq tutmağa çalışır. Onun üçün müəllimlik sadəcə bir peşə deyil, həyatının ayrılmaz bir hissəsidir.
İnformator.az-a danışan Günay Əliyeva öz fikirlərini belə ifadə edib:
"Müəllimlik mənim üçün sadəcə bir peşə deyil, həyatımın mənasıdır. Hər dəfə uşaqların gözlərindəki o öyrənmək həvəsini gördükcə, məsuliyyətim daha da artır. Şirvandan Sabirabada hər gün gedib-gəlmək çətin ola bilər, amma bu çətinlik mənim üçün bir maneə deyil. Çünki bu yolda mənim ən böyük mükafatım, şagirdlərimin uğurları və valideynlərin təşəkkürüdür".
O, təmənnasız hazırlıq keçməsinin səbəbinin də uşaqlara daha yaxşı təhsil vermək arzusu olduğunu vurğulayıb. Günay müəllim əlavə edib ki, bu fəaliyyət onun özünə də böyük mənəvi zövq bəxş edir:
"Şagirdlərimin gələcəkdə cəmiyyət üçün faydalı insanlar olduğunu görmək ən böyük arzumdur. Onların həyatına bir kiçik işıq gətirə bilmək mənim üçün hər şeydən üstündür".
Müəllim həmçinin sertifikasiya imtahanından yüksək nəticə əldə etməsinin arxasında dayanan səbəblərdən də bəhs edib:
"Bu uğur təkcə mənim deyil, mənə dəstək olan ailəmin, həmkarlarımın və ən əsası, şagirdlərimin sayəsindədir. Çünki mən hər gün sinfə daxil olanda onların sevgisini və motivasiyasını hiss edirəm. Bu isə insanı daim öyrənməyə, inkişaf etməyə vadar edir".
Günay Əliyeva kimi müəllimlərin cəmiyyətin formalaşmasındakı rolu əvəzolunmazdır. Elm və təhsilin qaranlıqları işıqlandıran ən böyük güc olduğunu anlayan, bu yolda yorulmadan çalışan müəllimlərə hər zaman ehtiyac var. Bu fədakar müəllimin fəaliyyəti, onun cəmiyyətə etdiyi töhfə və göstərdiyi örnək həqiqətən də, alqışalayiqdir.
Mayıl Soltanov