Xudayar Yusifzadə – Qəhrəmanlıq səlnaməsi

Bölmə: Sosial › ,
Tarix: 17:50 15.07.2025

Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də, yay günəşinin Bərdəyə səxavətlə saçıldığı bir gündə doğulub. Atası – Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu musiqi aləminin incə ruhlu sənətkarı idi, anası – evdar xanım Radə Qurbanova isə dörd övladın qayğısını çiyinlərində daşıyan mərd bir ana. Lakin taleyin sərtliyi Xudayarın cəmi 24 günlüyündən sonra atasını ondan ayırıb. O gündən bəri Xudayar atasının yoxluğunu ürəyində daşıyaraq böyüyüb.

 

2004–2015-ci illərdə Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. İncəsənətin ab-havasında böyüyən bu gənc vətənpərvərlik hissini özü ilə birgə yetkinliyə daşıyıb. Hərbi xidmətini tamamladıqdan sonra marketlərin birində mühafizəçi kimi çalışıb. Subay idi – arzuları isə çox idi.

 

2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində xidmət edib. Bu mərhələ onun xarakterini bərkiyib, Vətənə bağlılığını möhkəmlədib. Sonradan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına qoşularaq müddətdən artıq hərbi xidmətə başlayıb və kursu uğurla başa vuraraq “kiçik gizir” rütbəsinə yüksəlib.

 

2020-ci ilin iyulunda general-mayor Polad Həşimovun şəhid olması Xudayarın içindəki o alovu alışdırıb. Əməli sözə çevirməyə tələsən bu vətən sevdalısı dərhal Bərdə Rayon Hərbi Komissarlığına könüllü olaraq müraciət edib.

 

Sentyabrın 27-də başlayan Vətən müharibəsində Xudayar ön cəbhədə idi. Əvvəlcə Füzuli istiqamətində sərhəd məntəqəsində xidmət göstərib, sonra isə müharibənin ən qaynar nöqtələrində – Murovdağda, Füzulidə, Cəbrayılda və Zəngilanda vuruşub. Hər addımında Vətənin bir parçası uğrunda döyüşüb, hər döyüşdə ürəyindəki azadlıq sevgisini bayraq edib.

 

22 oktyabrda, Zəngilanın Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Vətən oğlunun son mənzili doğma Bərdədə, Şəhidlər Xiyabanındadır.

 

Xudayar təkcə döyüş meydanındakı igidliyi ilə yox, həm də “Vətən yaxşıdır” təsnifi ilə — bu gün xalqın dilində “Xudayar təsnifi” kimi qalan o nəğmə ilə — ürəklərdə silinməz iz buraxıb.

 

Düz döyüş bölgəsində, ətrafında əsgər yoldaşları ilə birlikdə oxuduğu o təsnif qısa zamanda bir xalq harayına çevrildi. Səsindəki kövrəklik, təbəssümündəki mətinlik, baxışlarındakı inam minlərlə insanın qəlbini sızlatdı. Bu təsniflə o, təkcə səngərdə vuruşmadı — həm də ruhlarda döyüşdü, unudulmaz oldu.

 

O video sosial şəbəkələrdə ildırım sürəti ilə yayıldı. İnsanlar onun səsinə göz yaşı, şəklinə dua, adına qürurla səcdə etdilər. Artıq “Xudayar təsnifi” təkcə bir mahnı deyildi — bu, xalqın yaddaş kitabında yazılan, musiqi ilə daşlaşan bir şəhidlik andı idi.

 

Xudayar Yusifzadə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamları ilə “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

Daha sonra — 25 dekabr tarixində — Zəngilanın azadlığı uğrunda göstərdiyi qəhrəmanlığa görə “Zəngilanın azad olunmasına görə” medalı, həmçinin Cəbrayıl istiqamətindəki döyüşlərdəki igidliyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Xudayar xalqın qüruru, səhnəsiz qəhrəmanı oldu. Onun adı, nəğməsi, təbəssümü – bu torpağın yaddaşına əbədi həkk olunub.

 

Nigar Həsənzadə