Maladaptive daydreaming pozuntusu

Tarix: 19:29 15.07.2025
“Maladaptive daydreaming” adlandırılan bu vəziyyət real həyatdan qaçışın və emosional ehtiyacların bir əlaməti kimi qiymətləndirilir.
Mövzu ilə bağlı psixoloq Toğrul Hüseynov "İnformator.az"a açıqlamasında bildirib ki, Maladaptive daydreaming uyğunsuz xəyal qurma halıdır:
"İnsanın gündəlik həyatına, funksionallığına və emosional vəziyyətinə mənfi təsir edən, nəzarətdən çıxmış və çox vaxt real həyatdan daha cəlbedici olan canlı xəyal dünyasının yaradılmasıdır. Bu xəyallar bizim gündəlik həyatımızdakı xəyal qurmalardan fərqlənir. Onları fərqləndirən xüsusiyyət onlara nəzarət etməyin çətinliyidir. Bu xəyallar o qədər vaxt aparır ki, insanın işi, təhsili, sosial həyatı və ümumi sağlamlığına mənfi təsir edə bilir. Maladaptive daydreaming psixologiyada hələ tam olaraq diaqnozlaşdırılmış bir problem pozuntu olmasa da, son illərdə bu məsələyə diqqət xeyli artıb. Onun əsas əlaməti günün böyük bir hissəsini xəyal qurmaqla keçirməkdir. Bu halı yaşayan insanlar adətən reallıqdan qaçırlar. Xəyalları isə emosional ağrılardan, tənhalıqdan və ya stressdən qaçmaq üçün istifadə edirlər.
Digər bir məsələ isə ixtiyarsızlıqdır. İnsanlar adətən bu xəyalları dayandıra bilmirlər və onlara nəzarət etmək çətin olur. Psixologiya üçün ən önəmli mövzulardan biri funksionallığın pozulmasıdır. Bu, önəmli məsələdir, çünki sosial münasibətlər, yuxu və gündəlik vəzifələrin yerinə yetirilməsi aksayır. Xəyal qurmaq insanın əhval-ruhiyyəsinə güclü təsir edir. Real həyatda xoşbəxtlik, kədər və digər emosiyaları yaşamaqdansa, onlar bu hissləri xəyal dünyasında yaşamağa üstünlük verirlər. Çünki bunları xəyalda yaşamaq daha asan olur. Bu da real hisslərlə əlaqəni zəiflədir. Belə hallarda xəyal qurmaq psixoloji problem kimi qiymətləndirilə bilər".
O, həmçinin qeyd edib ki, Maladaptive daydreaming gündəlik həyatı müxtəlif aspektlərdən təsirə məruz qoya bilər:
"Məsələn, emosional sahədə təsir edə bilər: Bu insanlar xəyal qurduqdan sonra "vaxtımı boşa sərf etdim" deyə vicdan əzabı çəkə bilərlər. Digər bir məsələ sosial təsirdir. Sosial münasibətlər arxa plana atılır. Dost, tanış, ailə və qohumlarla əlaqələr azalır. Reallıqla əlaqə zəiflədiyinə görə başqalarının hisslərinə qarşı diqqətsizlik arta bilər. Sosial rollarda çatışmazlıq yaranır. Yəni ailə, dost, sevgili münasibətlərinə laqeyd yanaşılır. Eyni zamanda bu hal təhsil və iş həyatına da təsir edir. Bu isə gecikmələrə, təxirə salmalara və s. səbəb ola bilər. Bunun əsas səbəbi diqqət dağınıqlığıdır. Dərs və ya iş zamanı düşüncələr tez-tez xəyal dünyasına yönəldiyi üçün diqqət dağılır. Günün 4-6 saatını, hətta daha çoxunu yalnız xəyallara sərf etmək vaxt və enerji itkisinə səbəb olur və bir növ emosional asılılıq yaradır. Digər bir məsələ isə fiziki sağlamlığa təsirdir. Burada əsas məsələ yuxu ilə bağlıdır. Gecələr xəyal qurduqları üçün yuxuya getmək prosesi gecikir və bu, nəticədə yuxusuzluq yaradır. Bundan başqa, saatlarla hərəkətsiz qalıb xəyal qurmaq da insan sağlamlığına mənfi təsir edir".
Psixoloq bu halın aradan qaldırılması ilə bağlı bildirib ki, belə şəxslərə ilk tövsiyə psixoloji seansların tətbiq edilməsidir:
"Yəni, professional bir psixoloqdan dəstək alınmalıdır. Bu sahədə koqnitiv-davranış terapiyası daha effektiv ola bilər. Daha sonra isə özünə kömək üsullarından istifadə oluna bilər ki, bunları insanlar özləri özlərinə tətbiq edə bilərlər. Bunlardan biri fərqindəlik yaratmaqdır. Yəni, xəyal qurmağa başladığını hiss etdikdə ətrafındakı səslərə, qoxulara, toxunduğu əşyalara diqqətini yönəltmək lazımdır. Bu, həmin insanın həmin anda qalmasına kömək edir. Xəyalları yazmaq da önəmlidir, çünki xəyalları yazaraq onların altında yatan ehtiyacı daha rahat anlamaq mümkündür. Eləcə də həyatı zənginləşdirmək, yeni hobbilər, idman və sosial sahədə fəaliyyətlər, ailə və dostlarla vaxt keçirmək Maladaptive daydreaming ilə mübarizədə istifadə oluna bilər. Unutmayaq ki, bu vəziyyət yalnız xəyal qurmağı deyil, həm də insanın emosional ehtiyaclarını ifadə edir. Bunun altında hansısa bir ehtiyac yatır. Əsas odur ki, bu hissləri anlamağa çalışaq və lazım gəldikdə çəkinmədən peşəkar dəstək ala bilək".
Billurə Quliyeva