Dağlıq ərazilərdə ekosistemin qorunması -Ekoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:48 10.12.2024

"Ekosistemin qorunmasında yerli idarələr, dövlət məmurları və hökumət siyasəti əhəmiyyətli rol oynayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun regional strukturları bu məsələyə diqqətlə yanaşması vacibdir".

 

Bu sözləri "informator.az"a açıqlamasında ekoloq Qorxmaz İbrahimli söyləyib. Ekoloq dağlıq ərazilərdə ekosistemlərin qorunması ilə bağlı yaranan çətinliklərdən də bəhs edib:

 

"Dağlıq ərazilər adətən daha az istismar olunmuş, daha təbii mühitə malik ərazilərdir. İnsanlar bu bölgələrə gözəl təbiəti və təmiz havası üçün gedir. Təbii ekosistemlərin qorunması isə hazırda çətin olsa da, bu keçmişdə belə deyildi. Ekosistemlərin qorunması üçün heç bir çətinlik olmamalıdır, yetər ki, yerli idarələr, dağlıq ərazilərdə yerləşən icra strukturları və ya bələdiyyələr təbiətə zərər verməsin. Ümumiyyətlə, yerli xalq öz ərazisinə zərər vermir. Zərər daha çox meşələrin qırılması və istirahət zonalarının qurulması ilə bağlı olur. Məsələn, Qəbələnin dağ kəndlərində istirahət zonaları yaradılarkən meşələrə ziyan vurulur, bu da ekosistemi məhv edir".

 

Qorxmaz İbrahimlinin sözlərinə görə, mədən sənayesi ekosistemə zərər verən əsas sahələrdən biridir:

 

"Mədən sənayesinin ekosistemə təsirini minimuma endirmək üçün beynəlxalq təcrübədən istifadə edilməlidir. İnkişaf etmiş ölkələrdə ətraf mühit qoruyucularının təzyiqləri ekosistemin daha yaxşı qorunmasına səbəb olur. Azərbaycanda isə ekosistemin qorunması üçün bu cür təzyiq mexanizmlərinə ehtiyac var. Qızıl mədənlərində siyanurdan istifadə torpağın və suyun çirklənməsinə səbəb olur. Bu zərərləri azaltmaq üçün elmi yanaşmalar tətbiq edilməli, meşə ərazilərində və torpaqlarda hər hansı bir fəaliyyət ciddi nəzarət altına alınmalıdır. Daş mədənləri də özünəməxsus ekosistemlərə zərər verir. Məsələn, Abşeron yarımadasındakı daş mədənlərində ekosistemin qorunması üçün ciddi tədbirlər görülməlidir. İllərdir ki, ölkəmizin meşə ərazilərində kömür istehsalı həyata keçirilir. Lakin, bu kömür məhsulları heç bir ticarət nöqtəsində tapılmır və əksər hallarda qeyri-rəsmi bazarlarda satılır. Əgər bu kömür istehsalçıları dövlətə müvafiq vergi ödəsə və həmin vergilərlə yeni meşə sahələri salınarsa, bu halda ekosistem qorunmuş olardı. Eyni zamanda, ölkəmizdə daş-kömür mədənləri mövcud olmasa da, alunit və mis mədənləri fəaliyyət göstərir. Bu mədənlərdə metalın çıxarılması, təmizlənməsi və yığılması prosesi ciddi nəzarətə alınmalıdır. Digər tərəfdən, Abşeron yarımadasında daş mədənləri mövcud olsa da, bu ərazilərdə ekosistem zəngin olmamaqla yanaşı, ona xas olan özünəməxsus təbii şərait də mövcuddur. Bu şəraitin qorunması üçün müvafiq tədbirlər görülməlidir. Məsələn, Badamdar ərazisində daş mədənlərinin fəaliyyət göstərdiyi sahələrdə əhali yaşamağa başlayıb, bunun nəticəsində təkcə mədən fəaliyyətləri deyil, həm də məskunlaşma ekosistemi pozmağa səbəb olur. Bu cür təsirlər yalnız dağlıq ərazilərimizdə deyil, Bakı şəhəri, Abşeron yarımadası və Xızı bölgəsi kimi urbanizasiyanın getdiyi ərazilərdə də müşahidə olunur. Eyni vəziyyət Şabran ərazisində də yaşanır. Belə halların qarşısının alınması üçün hökumətin qərarları və əlaqəli dövlət qurumlarının fəaliyyətləri vacibdir. Xüsusilə, yerli əhali bu cür təsirləri arzulamır və ekosistemin qorunmasına maraqlıdır".

 

Fatimə Abdulrəhimli