Kişilərin pedoqoji sahəyə yönəlməməsinin səbəbləri nələrdir ?-MÜTƏXƏSSİS AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 22:03 10.12.2024

Son zamanlar Azərbaycanda oğlanlar pedoqoji sahəyə üstünlük vermirlər. Düşünürlər ki, bu sahə qızlar üçündür.

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib ki, bu gün Azərbaycanda təhsil məktəblərində qadın və kişi müəllimlərin balansının pozulması təhsilimizdə çox saylı problemlər yaradıb:

“Bu gün oğlanların müəllimlikdən qaçma səbəbləri bir neçə il bundan əvvələ gedib dayanır. 1990-cı illərdə ölkədəki sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq məktəblərdə müəllimlərin əmək haqqılarının vaxtında verilməməsi, əmək haqqının çox az olması kişi müəllimlərin məktəbdən uzaqlaşdırdı. Onlar işləmək üçün xarici ölkələrə getdilər. Onlar geri dönəndə isə təhsildə elə bir dönüş olmadığını gördülər. Yəni həmin dövrdə müstəqilliyi təzəcə qazanmışdıq. Ölkədə sosial-iqtisadi vəziyyət gərgin idi. Oğlanlar gələcəyin ailə başçısıdır. Birinci ailə başçısı olaraq gəlirlərinin az olması oğlanların məktəbdə müəllim fəaliyyətindən uzaqlaşdırdı. Bu gün ölkəmizdə təhsil sektorunda qadınlar üstünlük təşkil edirlər. Tək Bakı şəhərində 90-95% qadın müəllimkimi fəaliyyət göstərir. Cəmi 7% kişi müəllimləri mövcuddur. Bu da çox aşağı göstəricidir. Kişi və qadın müəllimləri arasında balansın pozulması təhsil və tərbiyyədə ciddi problemlər yaradır. Məktəblərdə kişi və qadın müəllimlərinin eyni sayda, bir qədər fərq ilə olması daha müvafiq olardı. Çünki qızlarda yetkinlik yaşında olan problemlər var ki, onu qadın müəllimlər daha çox hiss edirlər, həmçinin oğlanlarda da yetkinlik yaşında problem var ki, kişi müəllimləri görə bilirlər. Kişi və qadın müəllimlərdə şagirdlərin öz cina katoqoriyasına görə çəkinmə məsələsi də var “.

Sosioloqun sözlərinə görə, müəllimlərin əmək haqqısı artmalı, və onlara xüsusi imtiyaz verilməlidir:

“Bu gün də imtiyazlar tətbiq olunmalıdır. O imtiyazlar gündəlik həyatımızdan fərqi imtiyaz olmalıdır. Müəllim üçün ayrıca il ərzində mükafatlar, şəxsi həyatında rifahı üçün bəzi imtiyazlar ola bilər. Əmək haqqı elə bir səviyyəyə çatmalıdır ki, hər bir oğlan müəllim ixtisasını seçməkdə çətinlik çəkməməlidir. Kişi və qadın müəllimləri narahat edən bir məsələ var ki, bu gün məktəblərdə yaşlı müəllimlərə göstərilən münasibət, onların sertifikasiya imtahanına cəlb edilməsi həm qadınlar, həm də kişilər üçün problem yaradır. Bunlar zaman-zaman məktəblərdən müəllimlərin uzaqlaşmasına səbəb olur. Onların əmək haqqısı artarsa, xüsusi imtiyazlar verilərsə, kişilər üçün problem olmaz. Müəllimə müəllim kimi yanaşmaq lazımdır”.

 

Kəmalə Vəliyeva