Azərbaycanlı tələbələr Romada toplanıblar

Bölmə: Sosial › ,
Tarix: 10:32 11.12.2024

Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycan İtaliya Məzunlar Assosiasiyasının (AZİAA) birgə təşkilatçılığı ilə İtaliyanın paytaxtı Roma şəhərində azərbaycanlı tələbə və məzunlarla ilk görüş keçirilib.

Görüş zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunaraq, həyatı və zəngin dövlətçilik irsi ilə bağlı çıxışlar edilib.

Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Tural Məmmədov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xaricdə təhsil ənənəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və bu siyasətin ölkənin qlobal arenadakı mövqeyinin gücləndirilməsindəki müstəsna rolundan danışıb. Vurğulanıb ki, gənclərin sosial, sağlamlıq və təhsillə bağlı problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları dövlətin gənclərə olan qayğısının təcəssümüdür. Müasir Azərbaycanın varlığı bilavasitə Heydər Əliyevin ideallarının və amalının nəticəsidir.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev cəmiyyətin bütün sahələrində olduğu kimi gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə gənclər sahəsinin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. O, həmçinin, Gənclər Fondu tərəfindən gənclər üçün yaradılan şərait, onların innovativ ideyalarının reallaşdırılması, beynəlxalq layihələrdə iştirakının təmin edilməsi və xaricdə təhsil alan gənclərin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb.

Daha sonra ASAP-ın icraçı direktoru Sevda Mansurova Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Eyni zamanda, xaricdə təhsil alan azərbaycanlı gənclərin həmrəyliyinin önəmini vurğulayaraq, ASAP-ın əsas fəaliyyət istiqamətləri, missiyası, məqsədləri, gənclərin beynəlxalq arenada təmsilçiliyi ilə bağlı görülən işlər və İtaliyada nümayəndəliyin qurulması ilə bağlı təqdimat edib.

Tədbirin şəbəkələşmə hissəsində İtaliyada fəaliyyət göstərən təşkilatlar, universitetlər və qurumlarla əməkdaşlıq, Azərbaycanın İtaliyadakı səfirliyi ilə birgə azərbaycanlı gənclər arasında fəallığın və iştirakın artırılması, İtaliyada yaşayan azərbaycanlı gənclərin maraq və ehtiyaclarına uyğun sahələrin müəyyən edilməsi, gənclərin şəxsi, eləcə də karyera inkişafına yönələn tədbir və layihələr haqqında fikir mübadiləsi aparılaraq, bu istiqamətdə təkliflər dinlənilib.