Monitorların Zərəri ilə Bağlı Oftalmoloqdan-XƏBƏRDARLIQ

Bölmə: Sosial › ,
Tarix: 22:37 11.12.2024

Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur monitorlardan istifadə zamanı yaranan risklərlə bağlı xəbərdarlıq edib. Tanınmış göz həkimi, uzunmüddətli ekran istifadəsinin insan sağlamlığına, xüsusən də göz orqanlarına ciddi mənfi təsirlər törətdiyini bildirib.

 

Paşa Qəlbinur "informator.az"a açıqlamasında deyib ki, müasir həyat tərzi insanları monitorlarla uzun müddət təmasda qalmağa məcbur edir. Bu isə görmə orqanlarında geri dönməz dəyişikliklərə səbəb ola bilər:

 

"Monitorlardan ayrılan zərərli şüalar müxtəlif filtrlər və qoruyucu eynəklər vasitəsilə azaldılsa da, onları tamamilə saxlamaq mümkün deyil. Bu şüalar gözə və digər orqanlara ciddi ziyan vurur. Xüsusilə uşaqlar və yeniyetmələr bu təsirlərdən daha çox zərər çəkirlər. Monitorlar olmadan yaşamaq çətin olsa da, ikinci və üçüncü dərəcəli əhəmiyyət kəsb edən fəaliyyətləri təxirə salmaq və ya minimuma endirmək vacibdir. Uşaqların əyləncə məqsədilə uzun müddət kompüter qarşısında vaxt keçirməsi əvəzinə, dərsləri və digər vacib işləri üçün ekran istifadəsini məhdudlaşdırmaq lazımdır. Bunun əvəzinə kitab oxumaq kimi alternativlərə üstünlük vermək daha məqsədəuyğundur".

 

Professor Qəlbinur monitor qarşısında keçirilən vaxtın sağlamlıq üzərindəki təsirlərini nəzərə alaraq, insanları bu mövzuda daha diqqətli olmağa çağırıb. O, monitor istifadəsini işıqlandırma şəraitinə diqqət yetirərək və yalnız zəruri hallarda tətbiq etməyi tövsiyə edib:

 

"Kitab oxumaq, xüsusilə klassik üsulla, yəni yaxşı işıqlandırılmış otaqda kağız üzərində mətnlərlə çalışmaq monitorlardan daha ziyansızdır. İnsanlar mümkün qədər bu təhlükədən uzaq qalmağa çalışmalıdır".

 

Nərgiz Orucova