Adına Şirkət Açılıb-Vergi Borcuna Görə Cəza Riski
Bölmə: Sosial › ,Tarix: 23:29 29.12.2024
Son dövrlərdə bəzi vətəndaşlar xəbərləri olmadan adlarına qeydiyyatdan keçirilmiş şirkətlərlə bağlı ciddi problemlərlə üzləşirlər. Bu hallardan biri də həmin şirkətlərin vergidən yayınması nəticəsində yaranan borclardır. Belə bir vəziyyətdə, adının qanunsuz istifadə edildiyini sübut edə bilməyən şəxslər hüquqi və cinayət məsuliyyəti ilə qarşılaşa bilərmi?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Emil Qurbanov qeyd edir ki, bu suala qısa şəkildə cavab verməli olsaq, belə bir hal mümkün deyil, çünki ən azından etibarnamə verilməlidir:
“Əgər açılıbsa və aşkarlanıbsa, vergi və hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Hər bir halda şirkət varsa və rəhbərdirsə, cinayət işi başlana bilər. Sadəcə, istintaqda məsuliyyət məsələsi aydınlaşdırılarkən ona hüquqi qiymət veriləcək. Yuxarıda qeyd edilmiş halların hüquqi əsası bundan ibarətdir ki, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, vergilərdən, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarından yayınma cinayət əməli hesab edilir. Həmin maddənin qeyd hissəsinə nəzər saldığımız zaman isə bizə aydın olur ki, 50.000 manatdan yuxarı vergi öhdəliyinin icra edilməməsi vergi cinayəti hesab edilir. Vergi Məcəlləsinin 78.4-cü maddəsindən də aydın olur ki, faktiki sahibliyi və ya rəhbərliyi həyata keçirən şəxs vergi öhdəliyinin icra edilməsinə məsul olan şəxsdir”.
Zəhra Məmmədova