Bayram süfrəsində sağlamlığı qorumaq üçün nələrə diqqət etməliyik?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 23:02 01.01.2025

Yeni il süfrələrində sağlam ənənələr formalaşır. Bayram süfrələri illərdir davam edən ənənələrin ayrılmaz hissəsidir. Lakin son dövrlər insanlar sağlam qidalanmaya daha çox diqqət yetirərək Yeni il süfrələrində dəyişikliklər etməyə başlayıblar. Artıq yeməkdən çox, bir araya gəlməyin, paylaşmağın və əsl bayram ruhunun ön planda olduğu yeni yanaşmalar formalaşır. Bu dəyişikliklər həm sağlam həyat tərzinə töhfə verir, həm də bayram günlərini daha mənalı edir.
Yeni il süfrəsində sağlamlığı qorumaq üçün hansı qidalar üstünlük təşkil etməlidir?

Mövzu ilə bağlı dietoloq Leyla Zülfüqarlı "informator.az"a bildirib ki, bayram süfrələrinin daha sağlam və düzgün təşkil edilməsi istiqamətində görülən işlər nəticəsində müəyyən irəliləyişlərə nail olmuşuq:

"Bayram süfrələrində diqqət edilməli qidalar bunlardır:

1. Salatlar və soyutma yeməklər:
Məsələn, "paytaxt salatı"nı hazırlayarkən inqridentləri (kartof, kök, yumurta və s.) ayrı-ayrı qabda saxlayıb, süfrəyə verilmədən az əvvəl qarışdırmaq daha
məqsədəuyğundur. Beləliklə, həm salat daha təzə və dadlı olur, həm də çürümə riskini azaldır.

2. İsti yeməklər və porsiyalar:

Bütün yeməkləri bir anda təqdim etmək yerinə, günlərə bölərək yemək daha məntiqli və sağlamdır.

Yemək zamanı ət məhsullarını çörəklə birlikdə deyil, tərəvəzlərlə istehlak etmək tövsiyə olunur.


3. Şirniyyat və çay:

Yemək süfrəsi ilə şirniyyat süfrəsini fərqli vaxtlarda hazırlamaq daha yaxşıdır. Yeməkdən dərhal sonra çayla birlikdə şirniyyat qəbul etmək həddindən artıq kaloriyə və artıq çəkiyə səbəb ola bilər.

4. Düzgün qidalanma vərdişləri:

Bayram günlərini hər gün fərqli yeməklə qeyd edərək həm süfrələrimizi rəngləndirə, həm də sağlamlığımızı qoruya bilərik.

Gün ərzində təzə tərəvəzlər və təbii meyvə şirələrinə üstünlük vermək lazımdır.

5. Yeni il süfrələri və ənənələr:

Gecə saat 12-də yemək məcburiyyəti yoxdur. Əsas yeməkləri daha erkən saatlarda qəbul edib, gecəni yüngül qəlyanaltılarla keçirmək daha faydalıdır".

Dietoloq sonda əlavə edib ki, bu tövsiyələri nəzərə alaraq Yeni ili həm sağlam, həm də xoşbəxt şəkildə qeyd etmək mümkündür.

Nərgiz Orucova