Yeni Virusla Bağlı Həyəcan Təbil-Xroniki Xəstələr və Körpələr Üçün Təhlükə
Bölmə: Sosial › ,Tarix: 19:58 09.01.2025
Çində ortaya çıxan və artıq Qazaxıstan və Qırğızıstanda qeydə alınan yeni virusla bağlı infeksionist Vasif Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, virusun ilk dəfə 2001-ci ildə Hollandiyada aşkar olunduğu və hava-damcı yolu ilə yayıldığı məlumdur:
“Bu virus körpələr, xroniki xəstəlikləri olan insanlar, eləcə də böyrək, qaraciyər, ağciyər və ürək çatışmazlığı olan şəxslər üçün daha təhlükəlidir. Əsas əlamətlər öskürək, burun axıntısı, nəfəs darlığı və temperaturdur. Lakin bu əlamətlər başqa xəstəliklərdə də ola bildiyi üçün dəqiq diaqnoz qoymaq üçün mütləq burundan yaxma götürülməlidir. Xüsusilə uşaqlar arasında xəstəlik daha ağır formada keçir və ölüm riski yüksəkdir. Böyüklərdə və uşaq vaxtı bu xəstəliyi keçirən insanlarda davamlı qoruyucu antitellər olduğuna görə xəstəlik yüngül formada müşahidə edilir. Amma bu, uşaqlar üçün eyni deyil. Bu xəstəliyin spesifik peyvəndi yoxdur, lakin vaksinasiya önəmlidir. Xəstəliyin ilkin mərhələsində antibiotiklərdən istifadə və lazımsız müdaxilələr xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Bunun əvəzinə, istirahət etmək, bol maye qəbul etmək və simptomatik müalicə tətbiq etmək lazımdır. Xəstəlikdən qorunmaq üçün mövsümə uyğun geyinmək, xəstə insanlardan uzaq durmaq və sağlam qidalanmaq vacibdir. Bunlar xəstəliyə yoluxmamaq üçün əsas tədbirlərdir”.
Asiya Zeynallı