"Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır"
Bölmə: Sosial › ,Tarix: 23:00 14.01.2025
“ Ekoloji cinayətlərin sərhədsiz olması ətraf mühiti xalqların ortaq nəzər nöqtəsinə çevirib ki, bir çox ölkələrin konstitusiyalarında “ekoloji hüquq” əsas hüquq və azadlıqlar sırasında öz yerini tutub".
Bu sözləri hüquqşünas Günay Abbasova “İnformator.az”a açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinin “Sağlam ətraf mühitdə yaşamaq hüququ” adlandırılması isə ölkəmizin sözügedən məsələni nə qədər prioritet hesab etdiyinin formal sübutudur:
" “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” başlıqlı III Fəslin 39-cu maddəsində şərh edilir ki, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır və hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizəyə və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində ölkəmizin fəal rolunu vurğulayır.
Ötən il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2024-cü "Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalaması isə Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə göstərdiyi qayğının bariz nümunəsidir. Bəşəriyyət üçün ağır nəticələrə səbəb olduğu qənaəti ilə bir çox dünya dövlətlərinin ətraf mühiti çirkləndirən ictimai təhlükəli əməlləri cinayət-hüquqi mühafizə altına alarkən bu hüquqi tendensiya milli qanunvericiliyə sirayət etmişdir. Respublika ərazisində müəyyən edilmiş ekoloji qaydaları, cəmiyyətin ekoloji təhlükəsizliyini təmin edən, ictimai münasibətlərə qəsd edən, ətraf mühitə və insanların sağlamlığına zərər yetirən qeyri-qanuni əməllər konsolidasiya edilərək digər qanunvericilik aktlarından fərqli olaraq daha çox çəkindirici sanksiyalara malik olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 1 sentyabr 2000-ci ildə müstəqil fəsil şəklində daxil edilmişdir. AR CM-in XXVIII fəslinin 247–261-ci maddələrində nəzərdə tutulan bu ictimai təhlükəli əməllərə əsasən qanunsuz ağac kəsmə, qanunsuz ov etmə, dəniz ətraf mühitini çirkləndirmə, atmosferi (havanı) çirkləndirmə qorunması qaydalarını pozma, meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə kimi əməllər daxildir”.
Hüquqşünasın sözlərinə görə, bizlərə nə qədər “qurbansız” əməl kimi görünsə də, ekoloji cinayətlər olduqca geniş spektri əhatə edir və mövcud vəziyyətin çoxşaxəli ölçüləri durmadan böyüyür:
“Bu mənzərə qarşısında isə baxılan sahədə cinayət hüququ normalarının qanunvericilik təsviri hələ də hüquq texnologiyası baxımından qanunvericilik mükəmməlliyindən çox uzaqdır. Bu hal hüquq-mühafizə orqanlarının əməkdaşları üçün çətinlik yaratmaqla nəticədə ətraf mühitin effektiv mühafizəsinin önünü kəsir. Ekoloji cinayətlərə dair məsuliyyətin tam reallaşması yalnız bəhs edilən sahədə cinayət qanunvericiliyinin hərtərəfli, vahid və məqsədyönlü olduğu, həmçinin cinayət-hüquqi prinsipləri tam ehtiva etdiyi vaxt səmərəli olacaqdır. Cinayət məsuliyyəti haqqında müasir qanunvericilik Azərbaycan Respublikasının müvafiq ərazisində yaşayan əhalinin həyat və fəaliyyəti üçün əsas kimi təbii obyektlərin sosial-ekoloji mahiyyətini tam nəzərə almır. Cinayət qanunvericiliyi ilə ekoloji qanunvericiliyin müddəaları arasında aşkar uyğunsuzluq ondan ibarətdir ki, “Ətraf mühitin mühafizəsi haqqında” AR qanununda inzibati və cinayət məsuliyyəti tədbirlərinin tətbiqinə səbəb olan ekoloji hüquqpozma növlərinin kateqoriyaları göstərilmir. Bu vəziyyət cinayət və inzibati xəta elementlərinin müəyyən edilməsində və məhdudlaşdırılmasında ciddi problemlərin yaranmasına səbəb olur ki, bu da qanunun mühafizəsinin səmərəliliyinə və qanunlara riayət olunmasına mənfi təsir göstərir.
AR CM-nin XXVIII fəslinə əsasən məlumdur ki, ümumi və xüsusi normalar arasında rəqabət olduqda, sonuncu tətbiq edilməlidir. Bu baxımdan, fəslin müxtəlif normaları arasında əsassız rəqabətdən danışmaq olar. Bir sıra dispozisiyalar hüquqi texnologiyanın səviyyəsinə mənfi təsir göstərən və praktiki tətbiq zamanı açıq-aydın “ölü” hesab olunan strukturda tərtib edilmişdir.
Ətraf mühitin mühafizəsi və çirklənmənin qarşısının alınması ilə bağlı qanunvericilik cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə də daxil olmaqla özündə bir və ya bir neçə cəza növünü ehtiva edir. Bu sanksiyalardan ən çox istifadə olunanları cərimə və azadlıqdan məhrumetmə cəzalarıdır. Sadalanan cəza növlərindən biri kimi azadlıqdan məhrumetmə cəzasının istifadə təhlilini araşdırmaq üçün iki ölçüdən istifadə etmək olar. Birincisi, azadlıqdan məhrumetmə cəzası tək və ya digər cəza tədbirləri ilə birlikdə tətbiq edilə bilər. Deməli, ya məhkuma verilən yeganə cəza azadlıqdan məhrumetmə cəzasıdır, ya da o, cərimə və ya başqa əlavə cəza növü ilə birlikdə təyin edilmişdir. İkincisi, azadlıqdan məhrumetmə cəzası daha ağır cəza növü hesab edildiyindən yalnız xüsusi halların mövcudluğu zamanı tətbiq edilməlidir.
Cəza təyini qaydalarına görə isə azadlıqdan məhrumetmə kimi əmlak itkisi ilə bağlı olmayan cəzalar cinayətkarın maddi imkanı məhdud olduqda tətbiq olunur. Ekoloji qanunvericiliyin əsas məqsədi ekoloji sərvətlərin mühafizəsi olduğundan onun pozulmasına görə tətbiq olunan cəza qanun pozuntularını cəzalandırmaqdan daha çox zərərin qarşısının alınması funksiyasını daşımalıdır. Və bu fikrə əsasən demək olar ki, azadlıqdan məhrum etmənin utilitar məqsədləri bütün hallarda öz realizəsini tapmır. Hətta bəzi məqsədlərin səmərəli həyata keçirildiyi hallarda belə, mənfəət-xərc təhlili hələ də azadlıqdan məhrumetmə ilə bağlı cəzalardan yayınmağın lehinədir.
Ekoloji cinayətlərə görə cəzalandırma sisteminin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təşkilatların(Vəhşi Təbiət Cinayətlərinə Qarşı Mübarizə Konsorsiumu (UNDOC), INTERPOL, CITES, Dünya Bankı və Ümumdünya Gömrük Təşkilatı) paylaşdığı xəbərdarlıqda bildirilir ki, flora və faunaya qarşı törədilmiş cinayətlərə görə cəza hədlərinin əhəmiyyətli dərəcədə artırılması və aşkar edilmiş bütün qeyri-qanuni əməllərin cəzalandırılması faktların düzgün qiymətləndirməsi tələbini ortaya qoyur. Bu baxımdan daha ağır cəzalar qəsdən törədilən və ya ağır cinayətlərə, təkrar və residiv cinayətlərə və digər şəxslərin ölümünə və ya onlara başqa cür zərərin vurulmasına səbəb olan cinayətlərə görə nəzərdə tutulmalıdır. Cinayət törətmiş şəxslərin ədalətli şəkildə mühakimə edilməsini təmin etmək zəruri olsa da, qanunsuz əməllərə görə nəzərdə tutulmuş cərimə və ya digər cəza hədlərinin artırılması heç də həmişə mütləq və effektiv çəkindirici vasitə olmaya bilir. Bəzi hallarda bu, əks məhsuldarlıq nümayiş etdirərək rüşvətxorluğun stimullaşdırılmasına yol aça və korrupsiyanı yüksək səviyyələrə gətirib çıxara bilir. Yekun olaraq, ekoloji qanunvericiliyin inkişafındakı əsas boşluqlar AR CM-də ekoloji cinayətlərin xarakterindəki keyfiyyət dəyişikliklərinin yetərincə nəzərə alınmaması ilə əlaqədardır. Bunun qarşısını almaq üçün qanun layihələrinin diqqətli təhlili aparılmalı, o cümlədən elmi əsaslandırılmış təklif və iradlar nəzərə alınmaqla mövcud məhkəmə-istintaq təcrübəsinin, yeni əlavə edilmiş və ya dəyişdirilmiş cinayət-hüquq normalarının tətbiqinin nə dərəcədə effektiv olacağını proqnozlaşdırmaq lazımdır. Bundan əlavə, Nobel Mükafatına layiq görülmüş iqtisadçı Cozef Stiqlitsin yüksək xərclər fonunda cəzaçəkmə müəssisələrinə resurs israf edilməsinin mənasız olduğu qənaətindən yola çıxaraq cəza piramidasında daha yuxarıda dayananlara keçməzdən əvvəl daha az ciddi cəza növlərindən istifadə olunmasını tövsiyə edirik. Ekoloji cinayətlər üzrə ədalət mühakiməsinin mühüm subyekti hesab olunan hakimlərin məhkəmə işini uğurla aparması üçün isə bu sahədə onlara təlimlərin keçilməsi, sahə üzrə elmi-texniki anlayışları mənimsəmək üçün müvafiq institusional şəraitin yaradılmasını mütləq hesab edirik. Habelə təklifimizcə, ətraf mühitin mühafizəsi və çirklənmənin qarşısının alınmasına qarşı prosessual və maddi ədaləti ən yaxşı şəkildə təmin etmək üçün ixtisaslaşdırılmış ekoloji məhkəmələr yaradılmalıdır ".
Nərmin Həşimova
Bu gün Milli QHT Forumunun konfrans zalında İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib. Hibrid formatda keçirilən Ümumi Yığıncağa regionlarda fəaliyyət göstərən və səhəti ilə ilə əlaqədar bir sıra üzvlər onlyan qatılıblar.