Sosial Ədalət və Korrupsiya

Bölmə: Sosial › ,
Tarix: 17:17 15.01.2025

Hüquqşünas Ruslan Mustafazadə, sosial ədalət və korrupsiya mövzusunda “informator.az”a açıqlamasında Azərbaycanda bu sahələrdə atılan addımları və cəmiyyətin rolunu müzakirə edib.

 

Ruslan Mustafazadə bildirib ki, sosial ədalət, cəmiyyətdə fərdlər arasında ümumi bərabərliyin təmin edilməsi ilə əlaqəlidir:

 

“Ümumiyyətlə, sosial ədalət dedikdə cəmiyyətdə, fərdlər arasında ümumi bərabərliyin təmin edilməsini başa düşürük. Bu bərabərlik bütün sahələrdə özünü göstərməlidir. Maddi, fəaliyyət imkanların və digər hüquqların bölgüsündə. Azərbaycan Respublikasının Konstitusiyası bu sahədə mükəmməldir. Vətəndaşlar arasında irqinə, cinsinə, dininə görə heç kəs arasında fərq qoyulmur. Hər kəs qanun qarşısında bərabərdir. Konstitusiyanın tələbi bundan ibarətdir. Hesab edirəm ki, konstitusiyanın bu müddəaları sosial ədalətin təmin olunmasına yönəlib”.

 

Korrupsiyanın cəmiyyətə və iqtisadiyyata çox mənfi təsir göstərdiyini vurğulayan hüquqşünas, korrupsiyaya qarşı mübarizədə dövlətin ciddi tədbirlər həyata keçirdiyini qeyd edib:

 

“Korrupsiya cəmiyyətə də, iqtisadiyyata da, ümumiyyətlə, dövlətin bütün strukturlarına təsir göstərən çox mənfi amildir. Bütün dünya dövlətləri bunu qəbul edir və bu səbəbdən də korrupsiyaya qarşı çox ciddi tədbirlər həyata keçirir. Azərbaycan Respublikası da bu tədbirlərdən geridə qalmır. Bu sahədə kifayət qədər planlar hazırlanıb, istiqamətlər müəyyən edilib. Hətta bu sahədə də adicə bir orqan da prokrorluğun nəzarəti altında korrupsiyaya qarşı mübarizə idarəsi yaradılıb ki, bu özü də fəaliyyətin nə qədər vacib olduğunun göstəricilərindən biridir”.

 

Cəmiyyətin korrupsiyaya qarşı mübarizədəki roluna da toxunan hüquqşünas, əgər cəmiyyət bu prosesə daxil olmazsa, dövlət tərəfindən həyata keçirilən tədbirlərin effektivliyinin az olacağını qeyd edib:

 

“Cəmiyyətin də korrupsiyanın qarşısını almaqda kifayət qədər rolu olmalıdır. Mən hesab edirəm ki, əgər cəmiyyət bu prosesdə iştirak etmirsə, dövlət tərəfindən görülən tədbirlər kifayət etməyəcək, effekti az olacaq. Mən hər zaman bir misal çəkirəm ki, korrupsiyaya qarşı mübarizə yalnız korrupsiya halları ilə bağlı olan tədbirlərdə özünü göstərmir. Misal üçün, biz əvvəllər el arasında xarici pasport deyilən pasportu almaq üçün müvafiq orqana müraciət edirdik. Bu prosesin tezləşdirilməsi üçün, bəzi vətəndaşlar kimlərəsə əlavə pul ödəyirdilər. 1 aya hazır ola biləcək sənədi 2-3 günə almaq mümkün olurdu. Araşdırmalar göstərdi ki, əgər bu pasportu 2-3 günə düzəltmək mümkündürsə, nəyə görə bu rəsmi həyata keçirilməsin. Beləliklə, bugün biz rəsmi olaraq müraciət edib, əlavə rüsum ödəyərək həmin sənədi tez bir zamanda əldə edə bilirik. Belə tədbirlər ilkin olaraq nəzərə çarpmasa da, əslində elə korrupsiyaya qarşı mübarizə sahəsinin bir hissəsidir. ASAN xidmət kimi böyük layihənin fəaliyyət göstərməsi elə bu sahədə tədbirlər planına daxildir”.

 

Asiya Zeynallı