Niyə mənfi emosiyalar da lazımdır?-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 19:34 15.01.2025
Mənfi emosiyalar çox vaxt arzuolunmaz hisslər kimi qəbul edilir, lakin onların insan psixologiyasında vacib rolu var. Qəzəb bizi ədalətsizliyə qarşı hərəkət etməyə təşviq edə bilər, qorxu təhlükələrdən qorunmağımıza kömək edir, kədər isə itkilərlə barışmağımız və emosional bərpa prosesini başlatmağımız üçün vacibdir. Bu emosiyalar düzgün idarə edildikdə şəxsi inkişaf və dayanıqlığın artırılmasına xidmət edə bilər.
Bu barədə psixoloq Vüsalə Əmiraslanova "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, mənfi emosiyalar olmasa biz müsbət emosiyaları tanıya bilmərik:
"Hər bir insanın ruh halında mənfi və müsbət emosiyalar mövcuddur. Hətta maraq emosiyası da bu sıraya daxildir. Emosiyalar hisslərdən fərqlənir, çünki emosiyalar həm insanlarda, həm də heyvanlarda olur. Lakin hisslər yalnız insana məxsusdur. Buna baxmayaraq, emosiya və hisslər ad baxımından bir-birinə çox bənzəyirlər.
Ümumiyyətlə, mənfi emosiyalar olmasa, biz müsbət emosiyaları tanıya bilmərik. Məsələn, qorxu emosiyası olmasa, özümüzü təhlükəyə ata bilərik. Eyni zamanda, kədər olmadan sevinc hissini yaşamaq mümkün olmazdı. Bəzən qəzəb olmadan qarşımıza motivasiya qoyub hərəkət etmək çətin ola bilər. Ancaq qəzəbin cəmiyyətdə özünü göstərməsi bir qədər fərqli olur. Bəzən insanlar özlərinə qəzəblənsələr də bunun əvəzini başqalarından çıxarmağa çalışırlar ki, bu da mənfi bir haldır".
Psixoloq emosiyaların düzgün idarə olunması üçün onları tanımağın zəruriliyini vurğulayıb:
"Ümumilikdə çalışmaq lazımdır ki, öz emosiyalarımızın adını bilək, onların nə vaxt aktivləşdiyini və gün ərzində hansı emosiyaların daha çox təsir etdiyini izləyək. Emosiyalarımızı idarə etmək üçün diqqət etməliyik ki, gün ərzində hansı emosiya artır, həmin emosiyalar artdıqda bizdə hansı hallar müşahidə olunur. Məsələn, davranışımıza təsir edən mənfi emosiyalar idarəetmə qabiliyyətimizi zəiflədir. Buna görə də, mənfi emosiyaları idarə etməyi öyrənməliyik.
Bir sözlə, mənfi emosiyalara qarşı elə addımlar atılmalıdır ki, insan həmin emosiyanın gününü, zamanını və hansı hadisə ilə bağlı olduğunu analiz edə bilsin".
Nuray Qurbanlı