Günümüzdə qida israfına səbəb olan amillər
Bölmə: Sosial › ,Tarix: 23:25 16.01.2025
“ Bu gün dünyada, eləcə də Azərbaycanda bir çox qida məhsullarının israfına yol verilir” .
Bu sözləri Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, qida eksperti Məhsəti Hüseynova “İnformator.az” açıqlamasında bildirib.
O qeyd etdi ki, bu, xüsusilə gündəlik istehlak olunan qida məhsulları, eləcə də gündəlik istehsal olunmayan, rəf ömrü uzun olan qida məhsulları arasında da baş verir:
“ İstehlakçılar daha çox lazımsız alış-verişlər edirlər və bu da israfa yol açır. İstehsalda da, tədarük zəncirində də qida məhsullarının daşınmasında, saxlanmasında, istehsal zamanı baş verən hər hansı bir səhvdə bu məhsulun keyfiyyətinin itməsi ilə yanaşı, eyni zamanda da bir çox hallarda satışa buraxılmır ki, bu da israfa yol açır. Bir çox hallarda qaydalara əməl olunmaması və yaxud hansısa istehsal xətası qida israfına əsas səbəb olan amillərdən biridir. Digər bir məqam isə, qida istehsalında və daşınmasında həddindən artıq çox xərclər sərf olunur ki, bu satışda gözlənilən tələbləri ödəmədiyinə görə həmin məhsulun alıcılıq qabiliyyəti aşağı düşür, birbaşa israf olunmasına, məhv olunmasına gətirib çıxarır. İstehlakçılar qida israfının həm özlərinə, həm iqtisadiyyata, həm də ekologiyaya vurduqları zərərlərlə bağlı məlumatsız olduqlarına görə də qida israfı etməyə davam edirlər. İstehsal müəssisələrində israfın qarşısını almaq üçün daha effektiv istehsal texnologiyaları seçmək lazımdır. Eləcə də çalışan əməkdaşlar, mütəxəssislər, texnoloqlar bütün bu prosesləri aparmalıdır və istehsal prosesi maksimum keyfiyyət yüksəldilərək, eyni zamanda israfı minimuma endirən texnologiyaların tətbiq olunmasıdır. Keyfiyyəti qoruyaraq qida məhsullarının uzun müddət saxlanmasını təmin etsələr də, saxlanma şəraitinin doğru olması ən önəmli məsələlərdən biridir. Çünki bir çox hallarda yüksək risk qrupunda olan məhsullar doğru şəkildə saxlanılmasa, rəf ömrü uzun olsa da, israfa məruz qalır ki, bu məqamlara da diqqət etmək lazımdır” .
Ekspertin sözlərinə görə, eyni zamanda bir çox məhsullarda təkrar emal və yenidən istifadə ilə bağlı bir çox proseslərə təşviq olunmalıdır, bu da qida istehsalı zamanı yaranan artıqların təkrar emal edilməsinə və yaxud alternativ məqsədlər üçün üzvü gübrələrin əldə olunması üçün istifadə olunmalıdır:
“Və mütləq məktəbdən başlayaraq, eləcə də ali təhsil müəssisələrində qida israfı və qidanın saxlanılması ilə bağlı maarifləndirmənin gücləndirilməsi, kənd təsərrüfatı və qida istehsalı ilə məşğul olan şəxslərin arasında mütəmadi olaraq, israfın qarşısını almaq üçün təlimlərin aparılması ən önəmli məsələlərdən biridir. Ən çox qida məhsulları hər zaman çörək və un məmulatlarıdır, hər gün istehsal və istehlak olunan məhsullar. Bu məhsullar daha tez köhnəlir və rəf ömrü azdır. Ona görə tarixinin keçməsinə görə bəzən israfa yol verilir. Yaxşı olar ki, bu məhsulları alarkən istehlak olunacaq qədər alınması ilə yanaşı, evdə də doğru şəkildə mühafizəsini təmin etmək lazımdır. Daha çox qida məhsulları arasında israf olunan meyvə və tərəvəzlərdir. Onların da rəf ömrü az olduğuna görə saxlama şəraiti xüsusilə isti aylarda çətindir. Çünki bu qidalar soyuq temperaturda saxlanılan məhsullardır ,bəzən daha çox israf olunur. Ona görə yaxşı olar ki, bu məhsullardan lazımi qədər alıb, yeyilməyəcəyi təqdirdə onların konserviləşdirilməsində istifadə olunmalıdır. Ət və süd məhsullarını da yanlış saxlamaq, həddindən artıq alınması nəticəsində xarab olması, bu məhsulların israf olunmasına gətirib çıxarır. Hazır yeməklər də israf olunan qidalar sırasındadır, günümüzdə işləyən insanlar hər biri yarımfabrikat məhsullarına üz tutur, çox miqdarda alır. Nəzərə almaq lazımdır ki, bu məhsulların da rəf ömrü çox azdır. Bir çox hallarda ,un və yüksək risk qrupunda olan zülal mənşəli ətdən hazırlanır ki, bunlar 15 gün, 1 ay, bəzən növünə görə dəyişir, az müddətdə olur. Onlar da istifadə edilmədən atılır və israfa yol verilir. Bütün bunların qarşısını almaq üçün ilk növbədə istehlak olunacaq məhsulları düzgün miqdarda almaq ,doğru şəkildə saxlamaq və əgər artıq qalıbsa, onların təkrar emalı üçün müəyyən prosedurları həyata keçirmək lazımdır ki ,bunlar da israfın qarşısını almaq əsas amillərdəndir”.
Nərmin Həşimova