Ailədaxili zorakılıq :Cəmiyyətimizin görünməyən yarası
Bölmə: Sosial › ,Tarix: 16:07 17.01.2025
Ailədə zorakılıq ailənin bir üzvünün digərinə fiziki, psixoloji, iqtisadi, cinsi zorakılıq və ya məcburetmə ilə konstitusiya hüquq və azadlıqlarının pozmasına deyilir.
Məsələ ilə bağlı sosioloq Lalə Mehralı "informator.az" saytına açıqlamasında bildirib ki, ailədə zorakılıq bütün cəmiyyətlərin ortaq problemdir:
" Bu sahədə aparılan araşdırmalar dünyada hər dörd qadından birinin və hər altı kişidən birinin ailədə zorakılığa məruz qaldıqlarını göstərib. Zorakılıq özünü həm fiziki, həm mənəvi, həm də iqtisadi tərəfdən göstərir. Ailədaxili zorakılığa məruz qalanlar həyat yoldaşı (qadın və ya kişi) da olur, uşaqlar da, ailə böyükləri (nənə və ya baba) də, xüsusi qayğıya ehtiyacı olanlar (fiziki qüsurlu insanlar) da. Yəni, zorakılıq törədən qarşıdakının yaşına, statusuna baxmır. Nədənsə, ailədə zorakılıqdan söz düşəndə hamının gözünün önünə ərinin döydüyü, üz-gözü göyərmiş, paltarları cırılmış qadın surəti gəlir. Bizim cəmiyyətdə kişilərin ailədə zorakılığa məruz qalmasına inanmırlar, daha dəqiq ifadə etsək əksəriyyət bunu mümkünsüz hesab edir. Amma sirr deyil ki, belə hallar da var, lakin kişilərin qüruru bunu etiraf etməyə yol vermir. Kişilər daha çox mənəvi-psixoloji zorakılığa məruz qalırlar".
Sosioloqun sözlərinə görə, ailədaxili zorakılığın ən çox zərər çəkmiş hədəfi qadınlardır:
"Onlar döyülürlər, söyülürlər, təhqir və təcavüz edilirlər, yaralanırlar və hətta öldürülürlər də. Qadının ailədəki zorakılığı dözməsinin bir çox səbəbi var, özünü gücsüz hesab edir, maddi cəhətdən asılıdır, cəmiyyətin qınağından qorxur.
Ailədaxili zorakılıqdan uşaqlar da çox zərər görür. Ana-ata arasındakı mənəvi və fiziki təzyiqin altında çox vaxt uşaqlar qalırlar. Valideynlər arasındakı anlaşmazlıqlardan, davalardan, zorakılıqdan uşaqların da payına düşür. Ailədaxili zorakılıqda qocaların yeri də narahatlıq yaradacaq qədər genişdir. Ölkəmizdəki qocalar evlərində olan yaşlıların sayından bu cür halların əslində nə qədər çox olduğunu təxmin etmək olar. Bəzən övladları valideynlərini qocalar evinə göndərmək istəmir, çünki ya cəmiyyətin qınağından qorxur, ya da qoca valideyninin təqaüdünü itirməkdən. Buna görə də, valideynə özü baxır. Amma necə baxır, orasını çoxumuz təxmin edə bilirik".
Çinarə Tarverdiyeva