ABŞ Prezidenti Co Bayden 2019-cu il tarixli Suriya ilə bağlı qərarnaməni yeniləyib

Bölmə: Dünya › ,
Tarix: 23:15 17.01.2025

Bu yeniləmə ilə Türkiyənin Suriyada terror təşkilatlarına qarşı əməliyyatlarına aid ifadələr sənəddən çıxarılıb və yeni sanksiyalar əlavə edilməyib.

 

Bununla yanaşı, ümumi sanksiyalar genişləndirilərək, bloklanmış şəxslərə və qruplara dəstək verənlər də bu çərçivəyə daxil edilib. Bu hissədə Türkiyəyə qarşı xüsusi bir sanksiya dəyişikliyi edilməyib. ABŞ rəhbərliyi Barış Pınarı Hərəkatı dövründə Türkiyənin PKK/YPG terror təşkilatının nəzarətindəki bölgələrə yeni əməliyyatlar keçirməsi ilə bağlı avtomatik sanksiya tətbiq etməyi qərara aldı. Lakin bu yeniləmə ilə Türkiyənin adı tamamilə mətindən çıxarılıb. Bundan əlavə, Türkiyənin Suriya əməliyyatlarının barış və sabitliyi pozduğu, mülki əhalini təhlükəyə atdığı və İŞİD-lə mübarizəyə mane olduğu ilə bağlı ittihamlar da sənəddən silinib.

 

Bu arada, ABŞ Maliyyə Nazirliyi Rusiyanın maliyyə, müdafiə və enerji sektorlarında fəaliyyət göstərən təxminən 100 hədəfə qarşı yeni sanksiyalar tətbiq etdiyini elan edib. Nazirliyin açıqlamasına görə, Rusiya və Çindəki aktorlar arasında həssas malların ödənişlərini asanlaşdırmaq üçün qurulub bir sanksiya pozma planı ilə bağlı hərəkətə keçilib. Bu çərçivədə, Rusiyadan 6 qurum və 1 şəxs, Çindən isə 9 qurum sanksiya siyahısına daxil edilib.

 

ABŞ rəhbərliyi, Sudanda davam edən müharibədəki rolu səbəbilə Suverenlik Şurasının sədri Abdülfəttah əl-Burhana qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə nazirinin müavini Valli Adeyemo, Burhana qarşı tətbiq edilən sanksiya ilə bağlı açıqlamasında, Sudandakı prosesləri yaxından izlədiklərini ifadə edərək, “Bu addım, münaqişənin sona çatdırılmasına olan bağlılığımızı vurğulayır”,-dedi. Adeyemo, Sudana silah axınının davam etməsindən məsul olanların cavab verəcəyini qeyd edib.

 

Sudan hökuməti, ABŞ Maliyyə Nazirliyinin Suverenlik Şurasının sədri və Silahlı Qüvvələrin Baş Komandanı General Abdülfəttah əl-Burhana qarşı aldığı sanksiya qərarını rədd etdiyini və qınadığını bildirib. Sudan Xarici İşlər Nazirliyinin açıqlamasında, “Sudan hökuməti ABŞ Maliyyə Nazirliyinin Suverenlik Şurasının sədri və Silahlı Qüvvələrin lideri General Abdülfəttah əl-Burhana qarşı sanksiya qərarını rədd edir və qınayır”,-ifadələri yer alıb. Bu qərarın ədalət və obyektivliyin “ən əsas prinsiplərindən məhrum” olduğu və “həqiqətlə əlaqəsi olmayan bəhanələrə əsaslandığı”,-bildirdi:

 

“Bu qərar Sudan xalqının, Silahlı Qüvvələrin lideri və terrorçu Cancavid (Sürətli Dəstək Qüvvələri-HDQ) dəstələrinə qarşı şərəf müharibəsinin komandanı olan Burhanın arxasında tam dayanmasına qarşı böyük bir hörmətsizlikdir”.

 

Mənbə: Haberler
Nəzrin İsmayılova