Qrip yoxsa metapnevmovirus?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 15:48 21.01.2025

Son dövrün respirator virus infeksiyaları, xüsusilə də metapnevmovirus, insanların sağlamlığına ciddi təsir göstərir. Bu virusun yayılma yolları, simptomları və digər xəstəliklərlə qarışdırılma ehtimalları cəmiyyətdə geniş müzakirə olunur.

Bəs virus əsasən hansı yollarla yayılır?

İnfeksionist Mərdan Əliyev mövzu ilə bağlı "İnformator.az"a açıqlama verib. O bildirib ki, metapneovirus ağır keçən bir xəstəlik deyil, yüngül simptomlarla müşahidə olunur:

"Çox vaxt qızdırma olmur, olsa belə, aşağı dərəcəli müşahidə edilə bilər. Boğaz ağrısı, öskürək, burun axması və tutulması bu xəstəliyin əsas əlamətləridir. Həmçinin kəskin respirator virus infeksiyalarındandır.  Yəni yuxarı tənəffüs yollarının ağır iltihabını törədir. Bu, el arasında "qrip" dediyimiz, ona bənzər xəstəliklərdən biridir. Zökəm əlamətləri ilə müşahidə olunur".

Həkimin sözlərinə görə, metapnevmovirusun daha dəqiq diaqnostikası yalnız burundan götürülən yaxma analizi vasitəsilə mümkündür:

"Belə xəstəliklər iki yüzdən çox virusla törənə bilər. Qrip virusu bu virusların içində ən ağır keçənlərdəndir. Təəssüf ki, qrip ağırlaşaraq ağciyər problemlərinə, hətta bəzi hallarda, ölümlə də nəticələnə bilər. Bunun əksinə, insan metapneovirusu yüngül keçir və adətən ağırlaşma ilə müşahidə olunmur. Ağırlaşma yalnız kiçik yaşlı uşaqlarda və ya immuniteti zəif olan 70 yaşdan yuxarı şəxslərdə baş verə bilər.

Bu viruslar hava-damcı yolu ilə yoluxur. Öskürmək, danışmaq və ya asqırmaq zamanı xəstələr virusu havaya yayır və sağlam şəxslər bu virusu udaraq xəstəliyə yoluxurlar".

Elnurə Kərimova