Antibiotiklərin Yanlış İstifadəsi və Nəticələri
Bölmə: Sosial › ,Tarix: 21:32 21.01.2025
Antibiotiklər müasir tibbin ən böyük nailiyyətlərindən biridir. Onlar ciddi infeksiyaların qarşısını alaraq milyonlarla insanın həyatını xilas ediblər. Lakin onların yanlış və nəzarətsiz istifadəsi dünya miqyasında böyük bir təhlükə yaradır.
Həkim-Professor Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, konkret bir bakterial infeksiya kəskin baş veribsə, həmin infeksiyanın növü müəyyənləşdirilmədən geniş spektrli antibiotiklər tətbiq edilir:
“Daha sonra törədici aşkarlanır və müvafiq həssas antibiotiklər seçilir. Bu üsul dünyanın hər yerində istifadə edilir və rasional antibiotik terapiyası adlanır. Əgər antibiotiklər lazım olmadığı halda istifadə edilirsə, bu, orqanizmə ciddi zərər vura bilər. Ümumilikdə, antibiotik idxalı ilə məşğul olan şəxslər maddi qazanc əldə edə bilər, lakin bu, genefond üçün təhlükəlidir. Hətta bəzi antibiotiklərin teratogen təsiri də vardır. Bu, dölə, ürəyə və embrionun inkişafına mənfi təsir göstərə bilər. Bir sözlə, antibiotiklərin həkim məsləhəti olmadan istifadəsi qətiyyən tövsiyə edilmir. Xüsusilə yuxarı tənəffüs yollarının virus infeksiyalarının kəskin dövründə antibiotiklərin istifadəsi yanlışdır”.
Professor əlavə edib ki, antibiotiklər düzgün istifadə edildikdə həyat qurtaran dərmanlardır:
“Amma onların yanlış istifadəsi həm fərdi, həm də qlobal sağlamlıq üçün ciddi təhlükələr yaradır. Hər bir insan bu dərmanların yalnız həkim nəzarəti altında istifadə olunmasının vacibliyini anlamalıdır”.
Bənövşə Zahidli