“Genişmiqyaslı Eskalasiyanın Ehtimalı Azdır”-Politoloq Açıqlaması
Bölmə: Siyasət › ,Tarix: 21:29 29.01.2025
İsrail Hərbi Hava Qüvvələri (HHQ) Livanın cənubundakı Nabatiye bölgəsində radikal “Hizbullah” hərəkatına aid silah daşıyan yük maşınına və digər nəqliyyat vasitələrinə zərbələr endirib.
Politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında İsrailin Livana hücumunun geniş miqyaslı eskalasiyaya səbəb olacağı ehtimalının az olduğunu bildirib:
“İsrail artıq Livandakı əsas hədəflərinə çatıb, xüsusilə Hizbullah qruplaşmasını zəifləndirib və onun fəaliyyətinə ciddi zərbələr vurub. Hizbullahın rəhbərliyinin böyük bir hissəsi məhv edilib və İranla Suriyanın dəstəyi zəifləyib. Bu baxımdan, baş verənlər daha çox İsrailin öz təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi preventiv əməliyyatlar kimi qiymətləndirilməlidir.
Livan hökumətinə dəstək verilməsi və Livan ordusunun təşkilatlanması, həmçinin Hizbullahın gücünün azalması müşahidə edilir. Bu, İsrail və Livan arasındakı münasibətləri çox gərginləşdirməyəcək və əlaqələr əvvəlki kimi davam edəcək. Beynəlxalq faktorların müdaxiləsi isə İsrailin hərbi və siyasi strategiyalarını dəyişdirməyəcək. İsrailin təhlükəsizlik məqsədlərinə uyğun şəkildə həyata keçirdiyi əməliyyatlar, qlobal reaksiyalara baxmayaraq, öz məqsədlərinə çatmaq üçün davam edəcək”.
Xanım Ağamalıyeva