Azərbaycanın Rusiya ilə müttəfiqlik ruhuna zidd dezinformasiya problemi-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 17:07 30.01.2025
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub. Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu bildirib ki, Rusiya mətbuatında Azərbaycanla bağlı dezinformasiyaların yayılması müttəfiqlik ruhuna ziddir və arzuolunmaz mənzərə yaradır :
“Əlbəttə, Azərbaycan təkcə Rusiya ilə deyil, digər tərəfdaş ölkələrlə də münasibətlərdə həmişə səmimi olub və güvənli tərəfdaş imici qazanıb. Ona görə də hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin gərginləşməməsi üçün xüsusi həssas siyasət və obyektiv yanaşma tələb olunur. Təyyarə qəzasından sonra bir sıra arzuolunmaz mənzərə ortaya çıxdı. Və Azərbaycanın orada da konkret tələbləri var. Təbii ki, bu tələblər yerinə yetirilməli və bu fəlakətə səbəb olan günahkarlar öz cəzasını almalıdır. Hesab edirəm ki, Azərbaycan tələblərinin yerinə yetirilməsinin alternativi yoxdur və bu istiqamətdə Rusiya addımlar atmalıdır”.
Meşədiyeva Türkanə