Məcburi köçkünlərin təhlükəsizliyi və məşğulluğu ilə bağlı məsələlər müzakirə olunub

Bölmə: Sosial › ,
Tarix: 21:39 03.02.2025

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi keçmiş məcburi köçkünlər üçün “Böyük Qayıdış: Təhlükəsiz həyat və məşğulluq” adlı maarifləndirmə tədbiri keçirilib.

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdir. Məcburi köçkünlərin sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da daim dəstək göstərir.

 

Tədbirdə geri qayıdacaq əhali arasında və ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış sursatlarla bağlı məlumatlılıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara müxtəlif mina növləri, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular barədə məlumat verilib, minalardan və müharibənin partlayıcı qalıqlarından qorunmaq qaydaları geniş şəkildə izah edilib.

 

Komitənin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev tədbirdə çıxış edərək Böyük Qayıdışa dair I Dövlət Proqramı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış zamanı keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayış şəraitinin qurulması kimi onların iqtisadi imkanlarının genişləndirilməsi və məşğulluğunun təmin edilməsi də ön plandadır. Prezident İlham Əliyev məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayıb. İşğaldan azad edilən ərazilərin yenidənqurulması zamanı müxtəlif müəssisələr də istifadəyə verilir, yeni iş yerləri açılır ki, bunlar da geri qayıdan sakinlərin məşğulluğunun təmin edilməsinə şərait yaradır.

 

Bu kateqoriyadan olan həmvətənlərimiz üçün gəlir gətirən fəaliyyətlərin dəstəklənməsi çərçivəsində məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin həyata keçirilməsinin böyük əhəmiyyət daşıdığı vurğulanıb. Dövlət Komitəsi məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesində onların məşğulluq məsələlərinin həlli istiqamətində məqsədyönlü zəruri işlər aparır.

 

Sonda tədbir iştirakçılarının maraq doğuran sualları cavablandırılıb, tədbir haqqında təəssüratları dinlənilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.