Tibb işçilərinin psixoloji çətinlikləri və həll yolları
Bölmə: Sosial › ,Tarix: 19:30 04.02.2025
Tibb sahəsi həm fiziki, həm də psixoloji baxımdan ən ağır peşələrdən biridir. Xüsusilə pandemiya dövründən sonra səhiyyə işçilərinin iş yükü artıb və onların psixoloji sağlamlığı daha çox müzakirə olunur. Stres, emosional tükənmə və yanma sindromu bu sahədə çalışanların qarşılaşdığı əsas problemlərdən biridir.
Bu barədə psixoloq Almara Ağaqızı "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, davamlı stress və yüksək məsuliyyət yanma sindromunu daha da gücləndirir:
"Tibb sahəsində çalışanlar üçün ən yayılmış çətinliklərdən biri yanma (burnout) sindromudur. Uzun iş saatları, yüksək məsuliyyət və davamlı stress bu sindromu daha da gücləndirir. Xüsusilə təcili yardım və reanimasiya şöbələrində işləyənlər bu problemi daha çox yaşayırlar.
Digər bir ciddi problem empatiya yorğunluğudur. Xəstələrin problemləri və ağrıları ilə hər gün qarşılaşan həkim və tibb bacıları emosional olaraq yorula bilirlər. Bundan başqa, iş yerində psixoloji təzyiq, rəhbərlik və həmkarların yüksək gözləntiləri, səhv etmək qorxusu, komanda daxilində konfliktlər onların gündəlik həyatını çətinləşdirir.
Tibb işçiləri həmçinin travmatik hadisələrə şahid olur, bu da travmatik stress yarada bilər. Uzun iş saatları və növbətçiliklər səbəbindən balanssız iş-həyat nisbəti isə onların şəxsi həyatlarına vaxt ayırmalarına mane olur.
Bu problemlərin əsas səbəblərindən biri iş yükünün həddindən artıq çox olmasıdır. Xüsusilə pandemiya kimi fövqəladə vəziyyətlərdə səhiyyə işçilərinin üzərinə düşən yük artır.
Digər səbəb kadr çatışmazlığıdır. Çünki tibb bacıları və həkimlərin kifayət qədər olmaması işçilərin üzərinə daha çox məsuliyyət düşməsinə səbəb olur. Bundan əlavə, bəzi sistemlərdə maddi və mənəvi dəyərsizlik hissi, tibb işçilərinin motivasiyasını aşağı salır. Xəstə yaxınlarının aqressiv münasibəti də onların psixoloji vəziyyətinə mənfi təsir edir. Eyni zamanda, bürokratik maneələr və sənədləşmə işləri həkimlərin əsas vəzifələrini yerinə yetirməsini çətinləşdirir".
Psixoloq bu problemlərin həlli üçün lazımi dəyişikliklərdən də danışıb:
"Səhiyyə sistemində bəzi islahatlar həyata keçirilməlidir. Məsələn, xəstəxanalarda psixoloji dəstək proqramlarının təşkil edilməsi vacibdir. İşçilər üçün mütəmadi psixoloq konsultasiyaları keçirilməli, eyni zamanda iş yükünün balanslaşdırılması üçün daha çox personal cəlb edilməlidir.
Həmçinin əməkhaqqının artırılması, bonus sistemləri və sosial təminatların genişləndirilməsi tibb işçilərinin motivasiyasını artıra bilər. Tibb işçiləri streslə mübarizə üçün müntəzəm olaraq təlimlər keçməlidir. Bundan əlavə, rəhbərlik və işçi münasibətləri anlayışlı bir şəkildə idarə edilməlidir.
Beynəlxalq səviyyədə bir çox uğurlu təcrübələr mövcuddur. Məsələn, Skandinaviya ölkələrində tibb işçilərinin iş saatları qısaldılır, iş yükü balanslaşdırılır və yüksək əməkhaqqı təmin edilir. ABŞ və Böyük Britaniyada yeni işçilər üçün mentorluq proqramları tətbiq edilir ki, bu da onların stressi daha yaxşı idarə etməsinə kömək edir.
Azərbaycanda da bəzi xəstəxanalarda psixoloji dəstək və motivasiya tədbirləri həyata keçirilir. Bu tədbirlər iş mühitini yaxşılaşdırmağa və tibb işçilərinin rifahını artırmağa yönəlib".
Nuray Qurbanlı