Məişət tullantılarının idarə olunması
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/5863533_8.jpg)
Tarix: 20:44 05.02.2025
Məişət tullantılarının idarə olunması müasir dövrün ən aktual ekoloji problemlərindən biridir. Azərbaycanda artan əhali sayı və urbanizasiya prosesləri nəticəsində tullantıların miqdarı da yüksəlib. Lakin onların düzgün idarə olunmaması ətraf mühitə, insan sağlamlığına və iqtisadiyyata ciddi təsirlər göstərir. Problemin həlli üçün təkrar emalın artırılması və müasir texnologiyalardan istifadə vacibdir.
Bu barədə ekoloq Ənvər Əliyev "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, əhalinin artımı məişət tullantılarının artmasına səbəb olur:
"Hazırda əhalinin artımı, xüsusən Bakı şəhərində güclü şəkildə müşahidə olunur. Respublika əhalisinin yarıdan çoxunun Bakıda yaşadığı söylənə bilər. Burada həm daimi sakinlər, həm də Rusiyadan gəlib ev alanlar və ya yaxın rayonlardan – Şamaxı, Siyəzən, Salyan kimi yerlərdən iş üçün gələnlər var. Bütün bunları nəzərə alsaq, Bakının əhalisi doğrudan da respublika əhalisinin böyük bir hissəsini təşkil edir.
Təbii ki, əhalinin sıx olduğu yerdə tullantıların da həcmi artır. Məişət tullantıları və digər növ tullantılar ətraf mühit üçün ciddi problemlər yaradır. Məişət tullantılarının əsas problemi onların düzgün idarə olunmamasıdır. Məsələn, “Təmiz Şəhər” müəssisəsi cəmi 880 min ton məişət tullantısını emal edir ki, bu da illik tullantı həcminin bir milyona çatmadığını göstərir. Bunun əsas səbəbi isə tullantıların qarışıq şəkildə toplanması və onların emalı üçün yetərli zavodların olmamasıdır".
Ekoloq bütün növ tullantıların eyni yerə atılmasının yaratdığı problemlərdən də danışıb:
"Tullantıların düzgün idarə olunması üçün ticarət obyektlərində müxtəlif növ şüşə butulkaların və digər məişət qablarının atılması üçün xüsusi yerlərin yaradılması vacibdir. Bu, dünya standartlarına uyğun olaraq inkişaf etməkdə olan bir tendensiyadır. Əgər biz də bunu reallaşdıra bilsək, həm iqtisadiyyat, həm də insan sağlamlığı üçün əhəmiyyətli nəticələr əldə etmiş olarıq.
Zibil qutularında yandırılan tullantılar atmosferə müxtəlif oksidlər, kükürd, azot və digər zərərli maddələr buraxaraq şəhərin onsuz da çirkli olan atmosferini daha da çirkləndirir. Bu səbəbdən, emal mədəniyyətinin formalaşdırılması vacibdir. Lakin dövlət bu istiqamətdə yetərli addımlar atmır. Tullantılar qarışıq halda eyni konteynerlərə atılır, məişət tullantıları ilə tikinti materialları bir-birinə qarışır. Bu da böyük problemlər yaradır. Halbuki digər ölkələrdə evlərdən çıxan beton qalıqları yumşaldılaraq sementlə qarışdırılır və təkrar emal olunur.
Tullantıların idarə olunmasında müasir texnologiyalar və innovativ yanaşmalar tətbiq edilərsə, bu problemlər aradan qaldırıla bilər. Şəhərin təmizliyi və tullantıların idarə olunması yüksək səviyyədə təşkil olunmalıdır".
Nuray Qurbanlı